Ölkədə cinayətlərin təxminən nə qədəri əhalinin qanunvericiliyi bilməməsindən törədilir?


2014-cü ilədək vətəndaş cəmiyyəti əhalinin hüquqi savadlılığının artırılması ilə bağlı işlər aparıb. QHT-lər Bakıda və regionlarda belə layihələr həyata keçiriblər. Lakin son illər vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırıldığına görə bu istiqamətdə kifayət qədər iş aparılmır.

7gun.org xəbər verir ki, bu barədə Vətəndaş Hüquqları İnstitutunun direktoru Bəşir Süleymanlı Turan-ın "Çətin sual" proqramına müsahibəsində bildirib.

Bölgələrdə yalnız hökumətin nəzarətində olan Dövlət Dəstəyi Şurasından maliyyə dəstəyi alan QHT-lər fəaliyyət göstərir.

Maliyyə olmadığına görə medianın bölgələrə çıxış imkanları yoxdur ki, davamlı olaraq bölgələrə gedib vətəndaşların problemlərini araşdırsınlar, sosial problemlərlə bağlı reportajlar hazırlasınlar. Bu imkanların olmadığına görə vətəndaşların hüquqi yardım alması, maarifləndirilməsi məhdudlaşır. Hazırda hüquqi maarifləndirmə imkanları sosial şəbəkələrdə iş ilə məhdudlaşdırılıb.

Ölkədə cinayətlərin təxminən nə qədəri əhalinin qanunvericiliyi bilməməsindən törədilir? Bu sualın cavabında B.Süleymanlı deyib ki, əslində cinayətkarlığın artması və insanların cinayətkarlığa meylli olması hüquqi savadsızlıqdan yaransa da, həm də sosial durumla, ədalətsizliklə bağlıdır. İnsanlar problemlərini hüquqi çərçivədə həll edə bilmədikdə, yəni məhkəmələrdə mübahisələndirə bilmədikdə və yaxud dövlət qurumlarından şikayətlərinə adekvat cavab ala bilmədikdə, sosial vəziyyəti pis olduqda cinayətkarlığa meyllənir. Vətəndaşlar yalnız vəkillər vasitəsi ilə hüquqi yardım ala bilər. Bu da kifayət qədər maliyyə tələb edir. Demək olar ki, maliyyələri olmadığına görə vətəndaşlar, xüsusilə də kasıb təbəqə yardımdan kənarda qalır.

Məhkəmələrdə nümayəndəlik institutunun ləğvindən sonra kasıb təbəqə demək olar ki, bu hüquqlardan məhrum olmuş bir vəziyyətə düşüb. Çünki vəkilllər vergi odəyicisi olduğuna, həm də order xərcləri tələb edildiyinə görə hüquqi yardım üçün daha çox maliyyə tələb edir. Bir informasiya və ya hüquqi yardım almaq üçün minimum 10 manat tələb edirlər.

Vətəndaş Hüquqları İnstitutu çalışır ki, bu məsələlərlə bağlı on-layn qaydada müəyyən yardımlar etsin, B.Süleymanlı bildirib