“Gürcüstana 8, Azərbaycana 6 sual göndərilib”- Arçil Çopikaşvili
Gürcüstan hakimiyyətinin Avropa Məhkəməsinin jurnalist Əfqan Muxtarlının işi ilə bağlı suallarını cavablandırmaq üçün təxminən bir ay vaxtı var, bu barədə onun vəkili Arçil Çopikaşvili bildirib.Onun sözlərinə görə, iyunun 31-də Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Məhkəməsinin səkkiz sualına cavab verməlidir.
"Suallar əsasən azərbaycanlı jurnalistin oğurlanması ilə bağlıdır və məhkəmə oğurlanma hadisəsinin baş verib-vermədiyi və ifadə azadlığının və hüququnun pozulub-pozulmadığı, hüquqi imkanlardan yararlanmaq hüququnun pozulub-pozulmadığı, habelə jurnalistin faktiki olaraq ölkədən çıxarılıb-çıxarılmadığı ilə maraqlanır", deyə o qeyd edib.
"Gürcüstana 8, Azərbaycana 6 sual göndərilib. Düşünürəm ki, sualların cavabları məhkəmənin faktları və azərbaycanlı jurnalistə qarşı yol verilmiş pozuntuların mövcudluğunu müəyyən etməsi üçün daha çox imkan yaradacaq. Cavab verilməsi üçün son tarix 30 iyuldur. Bundan sonra iddiaçının dövlətin cavabları ilə bağlı yazılı şərh vermək imkanı olacaq.
7gun.org Turan.az-a istinadən xəbər verir ki, işlə bağlı tez bir zamanda kommunikasiya başlayıb, işə prioritet verilib. Ümid edirik ki, Avropa Parlamenti mexanizmi azərbaycanlı jurnalistin maraqlarının bərpasına kömək edəcək vasitə olacaq", deyə vəkil bildirib.
Xatırladaq ki, Azərbaycan hökumətinin kəskin tənqidçisi Əfqan Muxtarlı 29 may 2017-ci il tarixində Tbilisinin mərkəzində oğurlanıb, növbəti gün o, Bakıda həbs edilib. Hakimiyyət onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
Amma jurnalist özü vəkilə bildirib ki, onu Gürcüstanın polis işçiləri tutublar və döyüblər, sərhədə aparıblar və Azərbaycan nümayəndələrinə təhvil veriblər.
Sərhəd buraxılış məntəqəsində onun cibinə 10 min avro qoyublar, sonradan guya pul qaçaqmalçılığı haqqında tamaşa oynayıblar.
Bu faktla bağlı beynəlxalq qalmaqal yaranıb və Gürcüstan hakimiyyəti özünə bəraət qazandırmaq məcburiyyətində qalıb. Ölkə prezidenti Georgi Marqvelaşvili hökuməti bu oğurluqda əli olmaqda ittiham edib.
Baş nazir Kvirikaşvili bu yaxınlarda istefa verib və yeni hökumətin Tbilisinin mərkəzində jurnalistin oğurlanmasının necə baş verdiyini izah etməsi daha asan olacaq.