Ziya Əsədlinin kassasiya şikayəti təmin edilməyib
İyunun 12-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə Ali Məhkəmə "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin kassasiya şikayətini təmin etməyib.7gun.org-ın Turan İA-nə istinadən məlumatına görə, vəkil Elçin Sadıqov məhkəmədə bildirib ki, Ziya Əsədlinin həbsi onun müxalif mövqeyi və regionda baş verənləri jurnalist kimi işıqlandırması ilə bağlıdır.
"2017-ci il aprelin 19-da də zərərçəkən Həsən Aslanovla aralarında yaranan mübahisədən sonra hər ikisinin polisə müraciət etməsinə baxmayaraq, Ziya Əsədlinin şikayəti araşdırılmayıb. Həsən Aslanov ilk izahatında Ziyanın onu əli ilə vurduğunu, hadisə yerində Mirmehdi və Firuz adlı şəxslərin olduğunu göstərsə də sonradan, aprelin 26-da olan izahatında Ziyanın onu telefonla vurduğunu, şahid kimi Məzahim Əliyev və Habil Cəbrayılovun adını göstərib".
Vəkilin fikrincə, şahidlər və zərərçəkənin ifadəsində xeyli ziddiyyət var.
Ziya Əsədli də heç bir cinayət törətmədiyini, hökmün qanunsuz və sifarişli olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.
Yerində müşavirə edən Ali Məhkəmənin hakimləri hökmün dəyişdirilmədən qüvvədə saxlandığı barədə qərar qəbul edib.
Ziya Əsədliyə 2017-ci il sentyabrın 7-də Biləsuvar Rayon Məhkəməsi 3 il həbs kəsib, o, məhkəmə zalında həbs edilib.
Ziya Əsədlinin həbsi ilə bağlı verilmiş apellyasiya şikayətinə 2018-ci il yanvarın 9-da baxılıb və Biləsuvar Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.