Mehman Hüseynovun məhkəməsi təxirə salındı
Bu gün Ali Məhkəmədə həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılması baş tutmayıb. Çünki Penitensiar Xidmət onu prosesə çağırmayıb.Prosesə sədrlik edən hakim İmran Hacıqayıbov iclasın əvvəlində deyib ki, M.Hüseynovun məhkəməyə gətirilməsi üçün Penitensiar Xidmətə məktub göndərilib. Ancaq naməlum səbəblərdən gətirməyiblər.
Öz növbəsində vəkil Fuad Ağayev deyib ki, bir neçə gün öncə M.Hüseynov məlum olmayan səbəblərdən koloniyadan təcridxanaya köçürülüb.
Xüsusi ittihamçı - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev, nə də onun nümayəndəsi iclasa gəlməyib.
Müdafiə tərəfi onların prosesdə iştirakına təkid edir.
M.Hüseynov özü olmadığına görə hakim prosesin 25 iyun saat 16:00-a keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, M.Hüseynovun işinə ikinci dəfədir ki, Ali Məhkəmədə baxılır.
Birinci dəfə Ali Məhkəmə təkrar məhkəmə istintaqının aparılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi. Lakin apellyasiya instansiyası mahiyyəti üzrə istintaq aparmayıb və ötən ilin oktyabrında hökmü qüvvədə saxlayıb.
Blogerin həbsinə 2017-ci ilin yanvarında Bakının mərkəzində oğurlandıqdan sonra polisdə işğəncəyə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan barədə iddia qaldırıb. Martın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147.2-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib. Turan.az