Aprel döyüşçüsü: Məhkəmə qərarı olmadan bank pensiyamın yarısını alır


"Azərbaycan Beynəlxalq Bankından 15 min manat kredit götürmüşdüm. 2016-cı ilin aprelində gedən döyüşlərdə yaralanandan sonra kreditimi ödəyə bilmədim. Nəticədə bank bu gün dövlətin mənə verdiyi pensiyanın yarısını qanunsuz tutur”.

Baş leytenant Səməndər Mənəfov belə deyir. 1990-cı ildə Kürdəmirdə doğulan leytenant Səməndər Mənəfov 2007-ci ildə Cəmşid Naxçıvanskı adına hərbi litseyi bitirib. 2011-ci ildə Heydər Əliyev adına AAHM bitirərək leytenant rütbəsi alıb və Azərbaycan ordusunda xidmətə başlayıb:

"Xidmətimin əsas hissəsin Xüsusi təyinatlı qüvvələrdə qrup komandiri olmuşam. Dəfələrlə cəbhədə baş verən düşmən təxribatının qarşısının alınmasında, düşmən arxasında bir çox uğurlu əməliyyatların iştirakçısıyam. Düşmənin 2014-cü il avqust ayında Ağdam istiqamətində təxribatının alınmasında fərqləndiyimə görə Ali baş komandan İlham Əliyevdən mükafat da almışam”.

S. Mənəfov deyir ki, hazırda vəzifəsini davam etdirə bilmir. Çünki aprel döyüşlərində hər iki ayağını itirib.

"2016-cı il apreldə döyüşlərində vətənimizin ərazi bütövlüyü uğrunda yaralanaraq hər iki ayağımı itirmişəm. 1-ci qrup Qarabağ əliliyəm. Ancaq bu gün normal müalicə və yaşamaq üçün dövlətin mənə ödədiyi müavinəti ala bilmirəm. Xidmətdə olduğum 5 avqust 2015-ci ildə ev almaq üçün Azərbaycan Beynalxalq Bankından 15 min manat kredit götürdüm. 2016-cı ilin aprelinə kimi ödənişlə bağlı heç bir problemim yox idi. Vaxtlı-vaxtında ödənişimi edirdim. Yaralanandan sonra krediti ödəyə bilmədim. Çünki cəmi 400 manat pensiya alıram”.

Baş leytenant deyir ki, "Beynalxalq Bank” iflasa uğrayandan sonra kreditin ödənişi "Aqrar Sənaye Bank”a keçdi:

"Dəfələrlə vəziyyətimin nəzərə alınaraq güzəşt edilməsin üçün "Beynalxalq Bank”a, "Aqrar Sənaye Bank”ın rəhbərliyinə müraciət etsəm də, heç bir nəticə olmayıb. Hazırda çox çətin vəziyyətdəyəm, çünki kreditin ödənişi üçün "Aqrar Sənaye Bank” məhkəmə qərarı olmadan qanunsuz olaraq hər ay kartımdan 50 faiz pul tutur. Adiyyatı dövlət qurumlarından mənə bu məsələ ilə bağlı kömək etmələrini xahiş edirəm”.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, ola bilər onun banklar olan müqaviləsində belə bir şərt olub. Ona görə bank hər ay pensiyasının 50 faizini tutur:

"Yox, əgər müqavilədə belə bir şərt yoxdursa, prnsiyanın 50 faizinin tutulması qanunsuzdur. Bununla bağlı vətəndaş məhkəməyə müraciət edə bilər. Ancaq burada vətəndaşın başqa bir yolu da var. Pensiyasının başqa bank vasitəsilə ödənilməsini tələb edə bilər. Bunun üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi lazımdır” Arqument.az