Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər


“Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıq hökm sürür. Hərənin bir himayəçisi var”.

Bunu millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, sanki kimlərsə bilərəkdən ölkədə narkomaniyanı yaydıqları kimi, fahişəliyi də yayırlar.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Moderator.az-a açıqlamasında millət vəklinin fikirləri ilə razılaşdığını bildirib.

N. Cəfəroğlu deyib ki, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması fahişəxanaların artmasına səbəb olub:

“Hörmətli millət vəkilimiz Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razıyam. Əsasən gənc oğlanlar və qızlar bu işlərlə məşğuldurlar. Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər. Buna hüquq-mühafizə orqanları ciddi nəzarət etməlidir. Əxlaq polisi Azərbaycanda var və ya yoxdur, onu dəqiq bilmirəm, amma onlar birbaşa bu işlə məşğul olmalıdırlar”.

N. Cəfəroğlu qeyd edib ki, QHT-lərin fəaliyyəti məhdudlaşdırdıqdan sonra nə rayonlara gedib seminarlar keçirə bilmirlər. Çünki buna maddi imkanları yoxdur: “Cəmiyyəti stabil saxlayan QHT-lər idi. Bununla yanaşı, televiziyalarımızdan bayağı, şou xarakterli verilişləri ləğv edib, təlim-tərbiyə məsələlərini qaldırmaq lazımdır. Televziyalarımzda əxlaqla bağlı verilişlər hazırlanmalıdır”.

Cəfəroğlu diqqətə çatdırıb ki, gəncləri əxlaqsızlığa sövq edənlər ifşa olunmalı, cəmiyyət də bununla mübarizə aparmalıdır. //Reyting.az//