"Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur" - Bahar Muradova


"Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur".

7gun.org xəbər verir ki, Trend-in xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-ə yaxın siyasi məhbusun olması barədə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, siyasi məhbusların sayı ilə bağlı hüquq müdafiəçiləri ziddiyyətli rəqəmlər səsləndirirlər: "Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı-ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur. Siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adın onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var. Ona görə də bir mənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm".

Beynəlxalq hüquq müdafiə təşkilatları isə bildirirlər ki, Azərbaycan hakimiyyəti insan haqlarını yetərincə müdafiə etmir. Ölkədə sərbəst toplaşmaq, ifadə və söz, seçki, azad məhkəmə, mülkiyyət hüququ və bu kimi təməl hüquq və azadlıqlar boğulur.