"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın"
Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi"Rejimi tənqid edənlərə qarşı hakimiyyətin apardığı repressiyaları çılpaqlığı ilə özündə əks etdirən tutarlı sənəddir" 7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev şəxsi feysbok səhifəsində paylaşıb. Həmin yazını diqqətinizə çatdırırıq:
"Son zamanlar təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və hazırladığımız “Avropa işi” hesabatı ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq eşqinə düşüblər. Bəzi dostları da çaşdırmağa çalışırlar. Onsuz da nəyəsə nail olmasalar da hakimiyyətin “Səs”, “Kaspi” və s. qəzetləri, trolları haqqımızda ağıllarına, ağızlarına gələn şər- böhtanları dayanmadan tirajlayırlar. Kimlərsə onların yolunu davam etdirmək, sifarişlərini yerinə yetirmək istəyirlərsə buyursunlar…
Amma istərdim gerçək dostlar və maraqlananlar üçün bəzi məqamları qeyd edim. Hazırladığımız “Avropa işi” hesabatı son bir ildə geniş araşdırmaların və gərgin əməyin nəticəsi olaraq meydana gəlib. Və 5 ay öncə Hesabatın Bakıda və Düsseldorfda (Almaniyada) təqdimatı oldu. Azərbaycan, ingilis və alman dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim edildi. 5 ay öncə təqdim olunmuş hesabatın müzakirəsinin indi də davam etməsi yaxşı haldır. Hesabat müəlliflərindən biri kimi aldığım məlumatlardan, gördüyüm münasibətlərdən deyə bilərəm ki, hesabat kifayət qədər maraqla qarşılanıb. Əhəmiyyətli sənəd kimi istinad olunur. Avropada yaşayan mühacirlərimizin fəaliyyətindən dolayı onların ailə üzvlərinə qarşı həyata keçirilən repressiyaları özündə əks etdirən dolğun sənəddir. Bu sənəd mühacirlərimizə həm də dəstəkdir. Rejimi tənqid edənlərə qarşı hakimiyyətin apardığı repressiyaları çılpaqlığı ilə özündə əks etdirən tutarlı sənəddir. Bu sənəddən yalnız Azərbaycan hakimiyyəti və onun monopoliyasında olanlar narahat olublar və yenə narahatdırlar.
Hesabatı gözdən salmaq üçün bəziləri öz aləmlərində kapmaniya aparırlar. Söz tapa bilmirlər deyə irad tuturlar ki, hesabatı ingiliscəyə və almancaya kim tərcümə edib (!?). Cavid Cabbarlı - Alıshov SMMM- in Avropa koordinatorudur və s.? Adama deyərlər heç sizə dəxli var? İşiniz- gücünüz yoxdur?
Sayğıdəyər dostlar üçün qeyd edim ki, hesabatı ingiliscəyə Bakıda yerli dostlarımız, almancaya isə Almaniyada yaşayan mühacir dostlarımız (Elmir Shireliyev, Elnur Mirze, Fuad Akbarov, Elshan Abdullayev, Camal Seyidli, Sevinc İsgandarova və digərləri) öz daxili imkanları hesabına tərcümə ediblər. Hesabata ailə üzvləri təzyiqlərə məruz qalan 50- yə yaxın mühacir haqqında məlumatlar daxil edilib. Avropada bu məlumatların toplanması və onlarla əlaqənin yaradılmasında əməyi keçənlərdən biri Cavid Cabbarlı olub. O, hesabatın Berlində təqdimatından tutmuş, keyslərin toplanması, tərcümə işi və beynəlxalq təşkilatlara təqdim olunmasına qədər bütün bu işləri təmannasız görüb . Onun adı Hesabatda yoxdur və ümumiyyətlə hesabatla, bizim təşkilatla bağlı marağı, təmannası olmayıb. Mühacir dostların təklifi və mənim xahişimlə o bu işləri görüb. Azərbaycanda olduğu müddətdə onu yaxından tanıdığıma görə xahiş etmişəm ki, mən Almaniyada olmadığıma və ola bilmədiyimə görə hesabatla bağlı bu kimi zəruri işləri əlaqələndirsin, görsün. O da sağ olsun, bunları edib. Vəssalam. Bizim aramızda nə vəzifə, nə də başqa təmanna söhbətləri olmayıb.
Təşkilatımızı, Hesabatlarımızı və bizləri gözdən salmağa çalışanlara tövsiyyəm budur ki, gedib faydalı işlərlə məşğul olsunlar. Müxalifətçi olduqlarını iddia edirlərsə gedib bu yarıtmaz hakimiyyətə qarşı səmimi mübarizə aparsınlar. Hərgah onların fəaliyyətində və facebook səhifələrində bu görünmür. Yox, hakimiyyətin maşası rolunda çıxış edib kimdənsə MƏDƏT umurlarsa özləri bilərlər. Son illər təmsil etdiyim SMMM qədər Azərbaycanda faydalı işlər görən, siyasi məhbusları və mühacirləri müdafiə edən, bu istiqamətdə konkret sənədlər hazırlayan 2- ci müstəqil ictimai təşkilat yoxdur. Bizə çamurların niyə atıldığının fərqindəyik. Bizi daxili didişmələrinizə, intriqalarınıza qatmağa cəhd etməyin. Bizim bu istiqamətdə, xüsusən siyasi məhbusların və mühacirlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimiz davam edəcək. Bunu hamı bilsin və dostlar da narahat olmasın.
Yola davam!"