Almaniyada olan mühacir təşkilatının son həbslərlə bağlı bəyanatı


17 noyabr 2018-ci il tarixdə Milli Şuranın Şəhidlər Xiyabanında Milli Dirçəliş Günü münasibətilə keçirdiyi ziyarətə kobud və qanunsuz polis müdaxiləsi və müxalifət liderlərilə bərabər 40-a yaxın siyasi fəalın saxlanılmasıyla bağlı DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının

B Ə Y A N A T I


17 noyabr 2018-ci il tarixdə Azərbaycan tarixində önəmli yer tutan 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Milli Şura öz tərəfdarlarıyla birgə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən siyasi hakimiyyət tərəfindən heç bir hüquqa və məntiqə sığmayan kobud və zorakı yolla maneçilik törədilib. Bundan sonra Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli də daxil olmaqla 40-a yaxın Milli Şura və AXCP fəalı saxlanılıb ki, onların arasında yaşlı insanlar və qadınlar da vardır. Bu günədək Cəmil Həsənli və digərləri azad edilsə də, AXCP sədri Əli Kərimli və bir qrup fəal nəinki azad edilməyib, hətta onların harada, hansı şəraitdə saxlanılması haqqında heç bir məlumat yoxdur. Məlumdur ki, azad edilməyənlərin ailələri və vəkillə əlaqələrinə maneələr yaradılmışdır.

DAS təşkilatı bəyan edir ki, Azərbaycanın azadlıq tarixinin ən önəmli günlərindən birində - Milli Dirçəliş günündə Azərbaycan vətəndaşlarının, o cümlədən siyasi müxalifətin Şəhidlər Xiyabanını ziyarət etmək istəyinin qarşısının alınması yolverilməzdir. Bu gün ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin anılması olduqca layiqli bir davranış olsa da, bu aksiyanın həyata keçirilməsinə polis tərəfindən güc tətbiq etməklə kobud müdaxilə edilməsi Azərbaycan siyasi hakimiyyətinin diktatura rejiminə doğru daha bir addım yaxınlaşdığını göstərir.

Eyni zamanda bildiririk ki, qeyri-qanuni həbs edilənlərin saxlandığı şəraitdə insan sağlamlığına zərər verilə biləcək hər hansı bir təxribatın da baş verməsi istisna edilmir. Baş verənlər və ardınca da siyasi liderlər də başda olmaqla fəalların həbs olunması onu göstərir ki, siyasi hakimiyyət müxalif düşüncəli hər kəsin fəaliyyətini çərçivədə saxlamağa çalışır ki, bu da bütünlüklə insan hüquqlarının ən kobud şəkildə pozulması deməkdir.

DAS təşkilatı olaraq Azərbaycan siyasi hakimiyyətindən tələb edirik ki, heç bir əsas olmadan saxlanılanlar dərhal azadlığa buraxılsın. Ölkədə tarixi və bayram günlərində həyata keçirilən aksiyalar zamanı siyasi ayrı-seçkiliyə son qoyulsun. Həm siyasi müxalifətin, həm də digər insanların azad fəaliyyətinə, hər hansı aksiya və ya tədbir keçirməsinə şərait yaradılsın.