"Rejimin cümhuriyyət düşmənçiliyi davam edir"


AXCP sədri Əli Kərimli oktyabr ayının 23-də həbs edilən Cumhuriyyət Siyasi Düşüncə Mərkəzin rəhbəri Ceyhun Nəbi haqqında özünü feysbuk səhifəsində yazaraq münasibət bildirib.

7gun.org AXCP sədrinin münasibətini təqdim edir:

"Rejimin cümhuriyyət düşmənçiliyi davam edir. Gənc araşdırmaçı, cümhuriyyət irsini sevə-sevə və yorulmadan araşdıran, cümhuriyyətimiz haqda bir neçə kitabın müəllifi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin yaradıcısı, ictimai fəal Ceyhun Nəbi Rusiyadan Azərbaycana qayıdan kimi, doğulub boya-başa çatdığı Şəmkirdə həbs olunub və artıq Bakıya gətirilib.

Ceyhun Nəbinin profilinə baxın (şərh bölümündə), dərhal əmin olacaqsınız ki, onu tənqidi yazılarına görə həbs ediblər. Rejim təkcə müxalifətçiləri deyil, cümhuriyyət sevdalısı olan, Vətəninə, millətinə bağlı, xalqı üçün azadlıq və daha yaxşı gələcək arzulayan hər bir açıq fikirli vətəndaşı özünə təhlükə sayır.

Ceyhun Nəbidən əl çəkin, onun yazdıqlarından cümhuriyyət qurucuları haqda öyrənin və utanın ki, o böyük şəxsiyyətlərin qurduğu cümhuriyyəti hansı hala salmısınız.