Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir


“Hakimiyyətin 10 illərlə normal yaşıllıq yarada bilmədiyi, cəhənnəmi xatırladan CÇM- də Mehman Hüseynovu ittiham edirlər ki, niyə 1 ildə abadlıq işlərində iştirak etməyib”- bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində paylaşıb.

7gun.org həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Hakimiyyətin həbsdə olan siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçı münasibəti davam edir. NİDA-çı Elgiz Qəhrəmanlının timsalında onları "kars"- a salıb incidir, Məmməd İbrahimin simasında haqq etmədiyi cəza müddəti bitsə də həbsdən çıxmağa qoymur, Fuad Əhmədlinin şəxsində cəzasının çox hissəsini çəkməsinə baxmayaraq vaxtından əvvəl azadlığa qovuşmaq istəyini bəhanələrlə rədd edir. Eyni zamanda bu ssenarinin davam etməsi və həbsdə olan siyasi məhbuslara qarşı yeni təxribatların hazırlanmasına dair məlumatlar var...

Bu gün isə tanınmış video- bloger Mehman Hüseynovun həbsdən azad olunmasının qarşısını süni bəhanələrlə alırlar. 2 ilə yaxındır ki, şərlənib həbs olunan, haqq etmədiyi cəzanı çəkən Mehman bəyin vaxtından əvvəl azadlığa çıxmaq istəyini Apelliyasiya məhkəməsi də rədd etdi. Sən demə daş karxanalarının arasında, toz- toprağın içində yerləşən kol- kosun bitmədiyi 14 saylı CÇM- də o, abadlıq işlərinin aparılmasında yaxından iştirak etməyib (!?). Hakimiyyətin 10 illərlə normal yaşıllıq yarada bilmədiyi, cəhənnəmi xatırladan CÇM- də Mehman Hüseynovu ittiham edirlər ki, niyə 1 ildə abadlıq işlərində iştirak etməyib. Çox absurd yanaşma və külünc bəhanədir...

Mehman Hüseynov bacarıqlı video- bloger olaraq oğru, harın məmurların bədnam, korrupsioner əməllərini ifşa etdiyinə görə şərlənib həbs olunub. Ona qarşı olanlara anası dözməyərək vəfat edib. Qardaşı Emin Huseynovu ölkədən didərgin salıblar. Digər qardaşı Naxçıvanda xidmət edir. Yaşlı atası tək- tənha qalıb. Onun Mehmana, Mehmanın da ona ehtiyacı var. Eyni zamanda Mehman haqsız yerə həbs olunsa da həbsdə olduğu müddətdə bir dəfə də olsun intizam tənbehinə məruz qalmayıb və s. Amma bütün bunlara baxmayaraq onu müxtəlif bəhanələrlə hətta həbsdən çıxmasına bir neçə ay qalmasına baxmayaraq azadlığa buraxmırlar...

Baş verənlər onu göstərir ki, dövlət büdcəsini talan edənləri, oğruları, korrupsionerləri, cinayətkarları çox asanlıqla azadlığa buraxan hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir. Ona görə də gəlin onları- həbsdə olan dostlarımızı daha sıx, daha güclü müdafiə edək!

Azadlıq onların haqqıdır!"