“Digər sahələrdə fırıldaqçılar ifşa olunduğu kimi, reketçiliklə məşğul olan jurnalistlər də ifşa olunmalıdır”-Qulu Məhərrəmli


"Hesab edirəm ki, reket jurnalist anlayışının ümumiyyətlə mətbuat sisteminə birbaşa aiddiyyəti yoxdur"

"Səhiyyədə, təhsildə, hüquq- mühafizə orqanlarında və digər qurumlarda fırıldaqçılar, şantajçılar olduğu kimi, jurnalistikanın adından istifadə edib raketçilik edənlər də var".

7gun.org xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli son günlər “reket jurnalistlər”lə bağlı görülən tədbirlərə münasibət bildirərkən deyib. O bildirib ki, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır:

“Digər sahələrdə çalışan fırıldaqçılar ifşa olunduğu kimi, reketçiliklə məşğul olan jurnalistlər də ifşa olunmalıdır. Bu qanun pozuntusu və kriminal hadisə olduğu üçün bu işlə Mətbuat Şurası deyil, hüquq-mühafizə orqanlarının məşğul olması vacibdir”.

Ekspert onu da qeyd edib ki tənqid yazan jurnalistlərlə reketləri qarışdırmaq olmaz:

“Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz. Reket jurnalistin konkret məqsədi olur. Onlar maddi maraqları üçün mətbuatın adından sui-istifadə edirlər və insanlara hədə-qorxu gəlirlər. Ona görə, reket jurnalistlərin jurnalistikaya aiddiyyəti yoxdur”.