"Cahangiri yenidən görüşdən və telefon zənglərindən məhrum ediblər"-Əminə Hacıyeva


Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin keçmiş rəhbəri, həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ailə üzvlərinin hüquqlarının pozulması ilə bağlı Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova müraciət edib.

"Qardaşım Cahangir Hacıyevin həbsdə olduğu üç il ərzində bizim ailə insan haqlarının tam pozulması ilə üzləşib. Ondan başlayım ki, məhkəməyə Cahangirin günahını sübut edən heç bir sənəd təqdim edilməyib. Bizim vəkillərin qaldırdığı otuz iki vəsatət rədd edilib və məhkəmədə baxılmayıb. Sonra naməlum səbəblərdən 13 saylı koloniyada Cahangirə səkkiz ay qohumları və vəkilləri ilə görüşü qadağa ediblər, onu bir həftə karserə salıblar", - Ə.Hacıyeva yazır.

Onun sözlərinə görə, C.Hacıyev Kürdəxanı təcridxanasına qaytarıldıqdan sonra ailə üzvlərinə bir neçə ay görüşə və telefon zənglərinə icazə veriblər.

"Sentyabrın 12-dən başımıza növbəti bədbəxtlik gəldi. Mən bunu bədbəxtlik sayıram, çünki insanı yemək və dərmandan məhrum etmək insaniyyətsizliyin yüksək həddidir. Cahangiri yenidən görüşdən və telefon zənglərindən məhrum ediblər", - Ə.Hacıyeva bildirib.

"Bizim vəkillərdən birini, Fəxrəddin Mehdiyevi birillik lisenziyadan məhrum ediblər. İndi də sıra ikinci vəkilə, Aqil Layica gəlib çatıb. Ədliyyə Nazirliyi rəhbərliyinin göstərişi ilə üç ildir ki, mərhum anamla bağlı vərəsəlik hüququ almama imkan verilmir, DİN isə mənim ölkədən çıxışıma icazə vermir", - Ə.Hacıyeva yazıb. O, F.Ələsgərovdan yuxarıda qeyd edilən pozuntularla bağlı sualları cavablandırmağı xahiş edib.

2015-ci ildə ABB-də böyük miqdarda maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Onunla birlikdə bəzi filialların keçmiş rəhbərləri də mühakimə olunublar.

C.Hacıyev 80 mln. manatı mənimsəməkdən ititham olunub. Halbuki, KİV-in məlumatına görə, bankın problemli kreditlərin məbləği 6 mlrd. manata çatıb.

C.Hacıyev məhkəmədə ittihamları rədd edərək deyib ki, bütün mühüm qərarları maliyyə nazirinin müavininin rəhbərlik etdiyi Müşahidə Şurası tərəfindən qəbul edilib. O həmçinin maliyyə naziri Samir Şərifovu ABB-nin fəaliyyəti haqda ictimaiyyətə yalan məlumat verməkdə ittiham edib.

/Turan.az/