Məhəmmədəli Axundzadə: "Bu günə kimi atama normal tibbi xidmət göstərilməyib"


Həbsdə olan siyasi məhbus Məhəmmədəli Axundzadə atası Ruhulla Axundzadənin sağlıq durumunun ağır olması ilə bəyanat yayıb.

7gun.org-ın məlumatına görə hüquq müdafiəçisi Oktay Gülalıyevin şəxsi feysbuk səhifəsində yayılan Bəyanatda deyilir:

"Atam Axundzadə Rufulla Höccət oglu 21 yanvar 2011- ci ildə şərlənərək, qondarma ittihamlarla həbs edilmiş və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs edilən zaman ibtidai istintaq dövründə və məhkəmələrdəki qanunsuzluqlar onun sağlamlığına ciddi şəkildə mənfi təsir göstərmişdir. Heç bir vaxt səhhətindən şikayəti olmadığı halda bu böhtan və qanunsuzluqlar atamın 2013-cü ilin may ayında miokard infarktı keçirməsinə səbəb olmuşdur.

... Bu günə kimi atama normal tibbi xidmət göstərilməyib. Hətta həkimlərin onun müalicəsi üçün müəyyən etdiyi dərmanları özümüz göndərsək də həmin dərmanlar ya ona verilməyib, ya da çox gec verilib. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olub.

Bundan başqa atam artıq üç ildir ki, müayinədən keçirilmir, halbuki belə xəstələr mütəmadi olaraq müayinə olunmalı və daimi həkim nəzarəti altında olmalıdırlar. "Avropa Pentensiar Qaydaları"- nın 46.1-ci maddəsinə görə xüsusi müalicə tələb edən xəstə məhbuslar Pentensiar müəssisədə, bu mümkün olmadıq da isə xüsusiləşdirilmiş müəssisələrə və yaxud mülki xəstəxanalara keçirilirlər. Hələ 2016-cı ildə atamın vəziyyəti kritik olduğu üçün məcburiyyət qarşısında qalıb onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmişdilər. Həmin müəssisədə çalışan, vəzifəsi kimliyiindən, sosial vəziyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəsi müalicə etməli olan başda Nicat adlı baş həkim və digərlərinin qeyri-insani hərəkətləri atamın sinir sisteminin pozulmasına səbəb oldu. Müalicə müəssisəsi rəhbərliyinin qanunsuz hərəkətlərinə etiraz etdiyi üçün atamın müalicəsi başa çatmadan ,vaxtından əvvəl saxlanıldığı 15 sayl CCM-nə geri qaytarıldı. Bu isə artıq birbaşa cinayət əməlidir və AR-nın qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Adından göründüyü kimi müalicə müəssisəsi olsa da əslində baş həkim özü üçün orada şəxsi biznesini yaradıb. Həbs edilmiş şəxslərə bu müəssisədə pulsuz heç bir tibbi xidmət göstərilmir. Ən adi müayinə üçün dustaqlardan pul tələb olunur. Müalicə və dərmanların dəyərini ödəmək isə hər bir dustağın imkanı daxilində deyil. Halbuki dövlət büdcəsindən bu işlər üçün kifayət qədər külli miqdarda vəsait ayrılır. Deməli müxtəlif yollarla büdcədən ayrılan həmin vəsait mənimsənilir, eyni zamanda dustaqlardan da böyük miqdada müalicə adı ilə pul alınır.

Hal-hazırda atamın sağlamlığı elə bir vəİyyətdədir ki, ona ciddi şəkildə müayinə və müalicə lazımdır. Bu isə ya Mülaicə Müəsissəsində, ya da mülki xəstəxanalarda həyata keçirilməlidir. Atam keçən dəfə ona qarşı baş vermiş qanunsuzluqlarla, haqsıslıqlarla və şəxsən Nicat adlı baş həkimlə rastlaşmamaq üçün Müalicə Müəssisəsinə getməkdən imtina edir. Çünki bir daha belə bir hadisə baş verərsə ona həyatı bahasına başa gələ bilər. Əgər belə bir şey baş verərsə ,bunun həm mənəvi ,həm də hüquqi məsuliyyətini ilk növbədə Pentensiar xidmət və ümumilikdə Azırbaycan hakimiyyəti daşıyacaq.

Biz atam Axundzadə Rufulla Höccət oğlunun vicdan məhbusu- günahsız olduğunu hesab edirik. Ona görə də düşünürəm ki, atam mülki xəstəxanada müayinə və müalicə olunmalıdır. Odur ki, ictimaiyyət nümayəndələrindən, hüquq -müdafiə təşkilatlarından, Beynəlxalq Qızıl Xaç Komitənin Azərbaycan nümayəndəliyindən bu məsələni nəzarətdə saxlamalarını və qanuna müvafiq addımlar atmalarını xahiş edirəm.

Atam Axundzadə Rufulla Höccət oğlu xalqını, millətini, dövlətini sevən, insanlara təmənnasız xidmət edən, haramdan və günahdan uzaq olan bir şəxsdir. Biz inanırıq ki, geç-tez haqq-ədalət öz yerini tapacaq, şər və böhtanla dolu saxta ittihamlarla həbs olunan atam layiq olduğu bəraəti alacaqdır. Hal-hazırda isə bütün ictimaiyyəti atamın sağlamlığını, müalicəsini diqqətdə saxlamlağa, Ədliyyə və səhiyyə nazirliklərinin rəhbərliyini, hüquq-mühafizə orqanlarını, Penitensiar Xidmətinin Müalicə Müəssisəsində baş verən qanunsuzluqları aradan qaldırmağa səsləyirəm".