Baş redaktor növbəti doğum gününü həbsxanada qarşılayır
7- ci ildir ki, qanunsuz həbs həyatı yaşayan jurnalist, siyasi məhbus Araz Quliyevin bu gün doğum günüdür. O, Masallıda yerləşən www.xeber44.com internet qəzetin baş redaktoru olub. Rəhbərlik etdiyi saytda hakimiyyətin yürtdüyü siyasəti həmişə tənqid edib. Buna görə o dəfələrlə polisə çağrılıb xəbərdarlığa məruz qalıb. Bütün bu xəbərdarlıqlar nəticəsiz qaldıqdan sonra 2012- ci ilin sentyabr ayında həbs olunub. Həbs edilən zaman və sonrakı dönəmlərdə həbsdə olduğu müddətdə işgəncələrə məruz qalıb.7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.
"Həbsdə olduğu müddətdə də haqsızlığa, qanunsuzluğa qarşı susmayıb. 2014- cü ildə onunla eyni 14 saylı CÇM- də saxlanılan məhbus Elşad Babayevin döyülərək öldürülməsinə qarşı kəskin etirazını bildirib. Bundan sonra onun özünə fiziki zor tətbiq edərək "kars"-a salıblar. Daha sonra onu digər bir neçə "etirazçı" məhbuslarla bir yerdə "tubzon" deyilən yerə aparıb günlərlə işgəncə veriblər. Ürəkləri bununla da soyumayıb onu Qobustan Qapalı həbsxanasına göndəriblər...
Yazdıqlarım Araz Quliyevin üzləşdiyi dəhşətlərin bir hissəsidir. Amma o bütün təzyiqlərə, təhdidlərə, zorakalıqlara baxmayaraq sınmır, haqq bildiyi yoldan dönmür. Belə qardaşları müdafiə, doğum günlərini təbrik etməyi özümə mənəvi borc bilirəm...
Gəlin, harda olmasından asılı olmayaraq dövrümüzün qəhrəmanlarını, mübariz insanlarını unutmayaq. Onları yada salaq, müdafiə edək!
Araz bəyin doğum gününü bir daha təbrik edir, ona və onun timsalında bütün şərlənib həbs olunan məhbuslara azadlıq arzulayıram!"-deyə Oktay Gülalıyev bildirib.
7gun.org olaraq, biz də Araz Quliyevi təbrik edirik. Ona və digər siyasi məhbuslara azadlıq tələb edirik.
Aygün Mustafayeva