“Gəncə işi” ilə bağlı dinləmələrdə işgəncələrdən danışılıb
Martın 30-da Siyasi Məhbusları Müdafiə Mərkəzi Müsavat Partiyasının qərargahında “Gəncə işi” ilə bağlı ictimai dinləmələr təşkil edib. Dinləmələrdə övladalrının, qohumlarının işgəncələrə məruz qaldığını iddia edən onlarla insan iştirak edib.Baş prokuror Zakir Qaralov 2019-cu il yanvarın 4-də bildirib ki, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
“Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir”, o qeyd edib.
Ölkəmizin ikinci böyük şəhərində böyük və ağır bir hadisə baş verdi. İnsanlar müəmmalı şəkildə qətlə yetirildi, kütləvi həbs olunub ağır işgəncələrə məruz qaldılar. Böyük bir repressiya həyata keçirildi. Azı 2- si polis olmaqla 10 nəfər öldürüldü. 77 nəfər həbs olundu.
2019-cu il fevralın 22-də Gəncə Cinayətlər Məhkəməsində 11 nəfərə 7.6 ildən 9 ilə kimi həbs hökmü çıxarılıb. Hazırda Sabunçu rayon Məhkəməsində 3 qrup üzrə məhkəmə prosesi davam edir.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bu günki dinləmələrdə bildirib ki, 2018- ci ilin Gəncə hadisələri zamanı "övladları şərlənib həbs olunan, ağır və dəhşətli işgəncələrə məruz qalanların valideynlər" ilk dəfədir ki, öz fikirlərini, narahatlıqlarını geniş şəkildə ictimaiyyətə açıqlayır.
“Əlsində keçən ilin yayında ölkəmizin ikinci böyük şəhərində böyük və ağır bir hadisə baş verdi. İnsanlar müəmmalı şəkildə qətlə yetirildi, kütləvi həbs olunub ağır işgəncələrə məruz qaldılar. Böyük bir repressiya həyata keçirildi. Azı 2- si polis olmaqla 10 nəfər öldürüldü. 77 nəfər həbs olundu, 11 nəfər axtarışa verildi. Bizim toplantılarımız haqqı-hüququ tapdanan, repressiyalara məruz qalan, dərdini-problemini bölüşməyə gələn və gələnləri dinləmək istəyən hər kəs üçün açıqdır. Gəlin bir olaq, bütöv olaq. Bir yerdə qanunsuz həbslərə, işgəncələrə, repressiyalara "dur" deyək!” o qeyd edib.
Hüquq müdafiəçisi Rövşən Əhmədli bildirib ki, Azərbaycanda işgəncə halları artıq statistikaya çevrilib.
“Bizim insanların gələcəyini məhv edənlər bir qrup dəstədir. Məhkəmədə prokuror soruşur ki, Gəncə hadisələri zamanı “ya allah” və “ya Əli” eşitdiniz? Bu sözü eşitmək cinayətdir? Yalvarmaq, sızlamaq çıxış yolu deyil. İnsanlar bir yerdə hüquqlarının bərpası uğrunda mübarizə aparmalıdır,” o qeyd edib.
Dinləmələr zamanı çoxsaylı insanlar övladalrının, qohumlarının tutulma və istintaq zamanı ağır və dözülməz işgəncələrə məruz qaldığını bildirib. Toplantı “Gəncə işi” ilə bağlı olsa da, digər işlərlə bağlı aparılan istintaq zamanı işgəncəyə məruz qalan və müəmmalı şəraitdə ölən insanların valideynləri də toplantıya qatılıb.
Gəncə hadisələri ilə bağlı həbs edilmiş Elvin Nəzərovun həyat yoldaşı Səbinə Nəzərova bildirib ki, həyat yoldaşına çoxsaylı işgəncələr verilməsinə baxmayaraq ittiham aktına imza atmayıb.
"İyulun 11-dən 20-dək Elvinin gözlərini bağlayıblar. Ayaqlarının altına dubinka ilə döyüblər. Kürəyini yandırıblar. Qandalı ən axırıncı yerindən bərkidiblər. Yerə yıxıb üstündə ağır çəkili birini oturdublar. Döyüblər. Saqqalını topa-topa yolublar, toka veriblər. Yoldaşım İimam Hüseyn aşiqidir. İşgəncə verəni allaha tapşırıram. Mən zalimdən rəhm gözləmirəm. Onları allaha tapşırram,” o qeyd edib.
Ailə üzvlərinin dedeiklərinə görə, elə insanlar olub ki, övladları barədə aylarla xəbər tuta bilməyib.
Hüquq müdafiəçisi: “Ağır işgəncələr, total həbslər və qətlə yetirilmə ilə müşayiət olunan hadisələr baş verir”
Gəncədə həbs edilmiş Kamal Məhərrəmovun qaynanası Aygün Zeynalova deyib ki, Kamalın anası dözməyib rəhmətə gedib.
“Kürəkənimi işdən çıxan zaman həbs ediblər. 8 il 6 ay qərəzli həbs veriblər. Onun 3 azyaşlı uşağı var. Heç bir günahı yoxdur. Günahı dükanında dinə aid məhsullar satmasıdır.”
Umud Zalov qardaşı Cəfər Zalov barədə 7 ay xəbər tuta bilmədilərini bildirib.
“Iyulun 4-də qardaşım Gəncə hadisələrinə görə tutulub. Umud Bakıda yaşayıb. Onu Bakıda həbs ediblər. Gəncədə olmayıb. Onun ailəsi ağır durumdadır. Əlil bacısı var. Ona baxan yoxdur. Bizim hüquqları müdafiə etmirsiniz, imkan verin ölkədən çıxaq gedək,” o bildirib.
İyulun 11-dən 20-dək Elvinin gözlərini bağlayıblar. Ayaqlarının altına dubinka ilə döyüblər. Kürəyini yandırıblar. Qandalı ən axırıncı yerindən bərkidiblər. Yerə yıxıb üstündə ağır çəkili birini oturdublar. Döyüblər. Saqqalını topa-topa yolublar, toka veriblər.
Səbinə Nəzrova, Elvin Nəzərovun həyat yoldaşı
Sevda Mehdiyeva oğlunun Moskvada yaşadığın deyib
“Oğlumn 3-cü övladı olanda Gəncəyə gəldi. O iyulun 3-də Moskvadan gəlib, dostları ilə Gəncədə meydanda çay içməyə getdi. Orada tutdular. Bir neçə ay xəbər ala bilmədirk. Oğluma faşist zülmü ediblər. İlham Əliyevdən xahiş edirəm, bu işə dəqiqliklə baxsın. Müstəniq Orxan Babayev milləti İlham Əliyevin üzərinə qaldırır. Məhkəmə qanunsuz oldu. Vəkillərə söz vermirdilər. Hadisə yerində kameralar var. O görüntüləri göstərmirlər. Şahid polislər heç kimi tanımırdı. Oğlumu toka veriblər. Ayaqlarının altına döyüblər. Uşağımın sağlamlığı yoxdur,” ana qeyd edib.
Mehdiyeva hüquq mühafizə əməkdaşları məhkəmə zamanı onu ələ saldığını da diqqətə çatdırıb.
“Deyirdilər ki, gedin `allahı`, `Hüseyni` çağırın gəlsin kömək etsin. Başınızı möhürə qoyursunuz, dövlətin əleyhinə gedirsiniz. Möhtərəm İlham Əliyev, Mehriban Əliyeva bu işə baxın, balalrımızı əfv edin,” o müraciət edib.
Zoya Əkbərova Nizami Əkbərovun anasıdır. O oğlunun işgəncə altında ittihaı qəbul etdiyini deyib.
“Hamı deyir ki, bu işi başdan əmr veriblər. Öyrənən yoxdur ki, yuxarıdan kim, bu, əmri verib. İstintaq elə bil dördüncü sinif şagirdləridir, deklamasiya deyir. Hamıya eyni söz yazıblar. Vəkil deyir, ittihama qol çəkməyəydi. Deyirəm, ay vəkil, sənə o işgəncələr verilsə idi qol çəkməzdin? Namaz qılanın hamısını tutublar. Namaz qılmaq günahdır? Biz övladımıza bəraət istəyirik,” o qeyd edib.
Elvin Əliyevin anası Kəmalə Əliyeva olunun Rusiyada yaşadığını, dördüncü kurs tələbəsi olduğunu deyib.
Deyirdilər ki, gedin `allahı`, `Hüseyni` çağırın gəlsin kömək etsin. Başınızı möhürə qoyursunuz, dövlətin əleyhinə gedirsiniz
Sevda Mehdiyeva, məhbusun anası
“Oğlum Rusiyada doğulub, orada yaşayır, tələbədir. Hər il üç ay Azərbaycana gəlir. Bilet alıb gedirdi. Tutublar. Məhkəmədə dedi ki, əlini, ayaqlarını, ağzını skoçla bağlayıb üzü üstə yıxıb işgəncə veriblər. Oğlumun qollarında qandal izləri indi də qalır. Dəhşətli işgəncə veriblər. Oğlum dördüncü kurs tələbəsidir. Oğlum mitinqdə olmayıb, polisə müqavimət göstərməyib. Hamı bilir ki, kimdən rüşvət alıb buraxıblar. Bir dənə vəzifəli şəxsin övladı yoxdur. Kim var idi rüşvət alıb buraxdılar,” ana deyib.
Bu zaman Nardaran hadisələri ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Anar Cabbarovun Türkiyədə yaşayan həyat yoldaşı telefonla dinləmələrə qoşulub.
“Anar Cabbarovun harada saxlanılması və ona hansı ittihamın verilməsi ilə bağlı ailəsinə məlumat verilmir. Anar bu il martın15-də Türkiyədə həbs edilib. O, üç gündən sonra Azərbaycana ekstradisiya olunub. Onun bütün sənədləri düzgündür və Türkiyə hökuməti Anara oturum verib. Türkiyə deyir onun həbsi dövlət sirridir, Azərbaycan isə hər hansı məlumat vermir. Anar ictimai fikirlərinə və fəaliyyətinə görə həbs edilib. O mitinqdə iştirak etməyib, dövlət əleyhinə danışmayıb. Anarın tutulmasının səbəbi kasıb ailələrə yardım etməsidir. Onun yardım etdiyi pulları buradakı camaat toplayıb. Anar kasıba yardım edib. Yardıma görə adam tutarlar?” o sual edib.
Tərtərdə vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə-foto 01.02.2019-cu ildə ana tərəfindən nümayiş etdirlib
Tərtərdə vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə-foto 01.02.2019-cu ildə ana tərəfindən nümayiş etdirlib
Dinləmələrdə “Tərtər işi” ilə bağlı həbs edilərək istintaq zamanı müəmmalı şəraitdə ölmüş Elçin Quliyevin anası Validə Quliyeva da danışıb.
2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırlır.
Əlləri bağlı, gözləri bağlı işgəncə veriblər, öldürüblər. Həbs edilənlərin, öldürülənlərin hamısı kasıb balalarıdır. Niyə kasıbları seçdiniz? Balalarımızı işgəncə altında öldürüblər.
Validə Quliyeva, İstintaq zamanı müəmmalı şəraitdə ölmüş Elçin Quliyevin anası
“Oğlum 2017-ci ildə Tərtərdə tutulub. Əlləri bağlı, gözləri bağlı işgəncə veriblər, öldürüblər. Həbs edilənlərin, öldürülənlərin hamısı kasıb balalarıdır. Niyə kasıbları seçdiniz? Balalarımızı işgəncə altında öldürüblər. Niyə bu mafiyalar bizim balalarımızı öldürür? İstintaqsız övladımı öldürübsünüz. Qaytarın mənim balamı, 30 illik zəhmətimi qaytarın. Niyə mənə cavab vermirsiniz? Deputatlara, hökumətə, Daxili Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etmişəm. Mən indi prezidentə müraciət edirəm. Cavab ver mənə, oğlumu qaytar,” ana müraciət edib.
Beləliklə, çoxsaylı insanlar son illərdə işgəncələrlə bağlı detallı məlumatlar verərək hökuməti, beynəlxalq təşkilatları işgəncə hallarına qiymət verməyə, günahkarları cəzalandırmağa çağırıb.
“Nardaran, Tərtər, Gəncə hadisələri repressiyadır. Biz birləşib birgə mübarizə aparmalıyıq. Bu olmasa repressiyalar davam edəcək. Bu olmasa fəlakət davam edəcək. Gəlin bir təşkilat ətrafında cəmləşib, mübarizə aparaq, tapdanan hüquqlarımızın bərpası üçün birgə çalışaq,” iştirakçılardan biri deyib.
Öz növbəsində, rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri işgəncələrlə bağlı tənqidləri qəbul etmir, qərəzli sayır.
/amerikaninsesi.org/