Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib
Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.Məhkəmədə istintaq orqanının şahid qismində cəlb etdiyi bastainfo.com saytının əməkdaşı Tural Hacıbəyli ifadə verib. O, öz ifadəsində saytın yaradıcı işlərinə qarışmadığını, texniki problemlər yarandıqda onları aradan qaldırdığını bildirib.
Vəkil Osman Kazımov Tural Hacıbəylinin şahid kimi məhkəməyə cəlb edilməsinin heç bir əhəmiyyətinin olmadığını bildirib.
"Tural Hacıbəyliyə verilən suallardan və onun cavablarından aydın görünür ki, onun ittihama heç bir aidiyyatı yoxdur", deyə Osman Kazımov bildirib.
Bugünki prosesdə istintaqın cəlb etdiyi daha üç şahid - Zülfüyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidova ifadə verməli idi. Lakin hər üç şahid dəvət olunsa da, məhkəməyə gəlməyiblər.
Bu şahidlər bastainfo.com saytında dərc edilən iki məqaləni oxuduqdan sonra həyəcanlandıqlarını bildirərək, Bakı Şəhər Prokurorluğuna Mustafa Hacıbəylinin barəsində tədbir görülməsi üçün ərizə ilə müraciət ediblər.
Şahidlər gəlmədiyi üçün məhkəmə təxirə salınıb. Proses Fevralın 5-də saat 10-da davam edəcək.
2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncədə icra hakimiyyəti başçısına edilən sui-qəsdlə bağlı bastainfo.com saytında başqa mediaya istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə ittiham elan olunub.
Bastainfo.com saytına giriş bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.
Mustafa Hacıbəyli özünü günahkar saymır və ittihamı sifariş hesab edir.