Ali məhkəmə jurnalistin həbs müddətini 2 il azaldıb


Bu gün Ali Məhkəmədə jurnalist Elçin İsmayıllının kassasiya şikayətinə baxılıb.

İmran Hacıqayıbovun sədrliyi ilə məhkəmə prosesində vəkil Elçin Sadıqov müttəhimin günahsız olduğunu bildirib. O deyib ki, işdə günahın sübutu yoxdur.

Vəkil diqqəti ona yönəldib ki, zərərçəkənlər bundan öncə ifadə veriblər ki, E.İsmayıllı onlardan pul tələb etməyib və onlar özlərini zərərçəkən hesab etmirlər.

Prokuror Cövdət Mehraliyev israr edib ki, aşağı instansiya məhkəmələri E.İsmayıllının günahını sübut ediblər.

Sonda məhkəmə CM-in 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət almaq) maddələri üzrə itthamları götürüb. Eyni zamanda məhkəmə heyəti E.İsmayıllının CM-in 182-ci maddəsi üzrə (hədə yolu ilə pul tələb etmək) günahını təsdiqləyib.

İki maddənin götürülməsilə cəza müddəti 9 ildən 7 ilədək azaldılıb.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

2017-ci sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi E.İsmayıllını CM-in 182-ci (hədə yolu ilə pul tələb etmək), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət almaq) maddələri üzrə təsirli bilərək 9 il azadlıqdan məhrum edib.

E.İsmayıllı fevralın 17-də həbs olunub. İstintaqın məlumatına görə, guya rayon məmurlarını onları nüfuzdan salacaq materiallar dərc etməklə hədələyərək pul tələb edib. E.İsmayıllı müxtəlif müstəqil KİV ilə əməkdaşlıq edib, İsmayıllı rayonunda iqtisadi və sosial problemləri işıqlandırıb. Həbsdən öncə İsmayıllıda nəşr edilən kend.info saytının redaktoru olub.

Hüquq müdafiəçiləri E.İsmayıllını siyasi məhbus kimi tanıyıblar.

Turan.az