Hüquq müdafiəçisindən "jurnalistə" tərs şapalaq
Hakimiyyət əl dəyişdirir. Gəncə hadisələri ilə bağlı saxta ittiham aktının müəlliflərindən olan işgəncə prokuroru Orxan Babayevin əməlləri ictimai basqı altında ifşa olunduqdan sonra Mirşahini qabağa veriblər. İstintaq orqanlarının düzüb- qoşduğu məlumatları indi də o öz efirindən cəmiyyətə üfürür. Yalanları tirajlayır. Əsl Baş prokurorluğun və DTX- nin mətbuat katibi kimi danışır. Olsun, onsuz da onun işi, peşəsi budur. Sığındığı və yarındığı hakimiyyəti müdafiə etmək...7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb:
"Amma yaxşı olar ki, gücünü qadınlara göstərən Mirşahin və onun arxasında duran istintaq orqanları bu suallara da cavab versinlər:
- Gəncə hadisələrinin baş vermə səbəblərindən olan Elmar Vəliyevin qanunsuz, harın, görməmiş hərəkətlərinə niyə indiyə qədər əməli qiymət verilməyib?
- 10 iyul mitinqinin əsl təşkilatçıları- yerli sakinlərin vatçaplarına çağırış göndərib onları aksiyaya çağıran, eləcə də hadisə günü polisə qab- qacaq atan çarşablı adamların şəxsiyyəti niyə indiyə qədər müəyyənləşib məsuliyyətə cəlb olunmayıb?
- 10 iyulda Gəncədə iştişaşların olacağını öncədən bilən və gücləndirilmiş iş rejiminə keçən Gəncə polisi niyə öz əməkdaşlarını qorumadı? Nə üçün hadisə yerində olan 150- 200 nəfər polis əlində xəncər olan bir nəfər Rəşadı zərərsizləşdirə bilmədilər və ya buna lazımi cəhd etmədilər?
- Hadisələrin görüntülərindən acıqca görünür ki, Rəşad Böyükkişiyevdən başqa kimsə polisə hücum etmir, ona müqavimət göstərmir. Belə olan təqdirdə günahsız insanları kütləvi şəkildə həbs edib onlara vəhşicəsinə işgəncə vermək, ağır cinayətlərdə ittiham etmək hansı məqsədə və dövltçilik anlayışına xidmət edib?
- Hadisə günü ümumiyyətlə Azərbaycanda olmayan Sərxani Aağanı öldürüb 1 ildir onun nəşini ailəsinə verməmək hansı qanunlara və mənəvi dəyərlərə sığır? Niyə 8 nəfər məhkəmə önündən çıxarılmadan müəmmalı şəkildə öldürüldü?
Suallar çoxdur... Acınacaqlı haldır ki, istintaqda və məhkəmədə təqsirləndirilən şəxslərin günahını sübut edə bilməyən hakimiyyət Mirşahinə və onun bozuq efirinə möhtac qalıb. Mirşahin və mirşahinlər isə danışdıqca təkcə özlərini deyil, onları himayə edənləri və onları danışdıranları da batırırlar. Onsuz da batmağa doğru gedirsiniz. Gedin o yol, o da siz..."- deyə Oktay Gülalıyev bildirib.