Günahsız insanları şərləyib həbs etmək, incitmək hakimiyyəti əldə saxlamaq üçün çıxış yolu deyil- Oktay Gülaliyev


Tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev şəxsi feysbuk səhifəsində həbsxanalarda dəhşətli işgəncə faktlarının cəmiyyətdə doğurduğu qəzəb və nifrət barədə fikirlərini bölüşüb:

7GÜN XƏBƏR qəzeti həmin paylaşımı olduğu kimi təqdim edirik.

Dostlarımızı şərləyib həbs edən hakimiyyət həbsxanada da onlardan əl çəkmir. Onları əfv ərizəsi yazmağa, sındırmağa, mübarizələrindən peşman etməyə çalışır. İstəyinə nail ola bilmir deyə haqqını tələb edən dostlarımıza işgəncə verir, "kars"-a salır...

4 gündür aclıq aksiyası keçirən Murad Adilovu dinləmək əvəzinə onu "kars"-a salıblar. Fiziki- pisxoloji təzyiq ediblər. Murad 5- ci ildir ki, həbsdədir. Ondan hakimiyyətin sərt tənqidçilərindən olan qardaşı, AXCP fəalı Natiq Adilovun qisasını alırlar.

Daha bir siyasi məhbus, çərlənərək 7 il azadlıqdan məhrum edilmiş Müsəlman Birliyi Hərəkatının fəalı Ahsan Nuruzade (Əhsən Nuruzadə) də "kars"- a salınıb. O, keçən ay Kürdəxanı İstintaq Təcridxanasından 13 saylı CÇM- ə köçürülməsinə baxmayaraq qanunvericiliyə zidd olaraq 20 gündən çox karantində saxlanılıb (Qanunvericiliyə görə ən geci 14 gün saxlanıla bilər- red.). Bizdə olan məlumata görə bu müddət ərzində onunla psixoloji təzyiq və təhdid altında profilaktiv söhbətlər aparılıb. Onu mübarizədən çəkinməyə, Tale Bağırzadədən imtinaya məcbur ediblər. Təklifləri rədd edən Əhsən Nuruzadə CÇM- nin rəhbərliyi tərəfindən Qobustan Qapalı Həbsxanasına göndərilməklə hədələnərək 30 günlük "kars"-a salınıb. Onun "kars"- a salınmasının səbəblərini Penitensiar Xidmət də izah edə, əsaslandıra bilməyib.

Bizdə olan məlumata görə həm Murad Adilova, həm də Əhsən Nuruzadəyə ailə üzvləri ilə görüşməyə və telefonla danışmağa imkan verməsələr də onlar yaxınlarına vəkilləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşmək istəklərini çatdırıblar. Görünür onlar fiziki zorakalığa, işgəncəyə məruz qalıblar...

Həbsdə olan digər siyasi məhbuslara da qarşı təzyiqlər davam edir. Təzyiqlərin dayandırılmasını və həbsdə olan bütün siyasi məhbusların azadlığa buraxılmasını bir daha tələb edirik. Unutmasınlar ki, günahsız insanları şərləyib həbs etmək, onları həbsdə saxlamaq, "kars"-a salıb incitmək hakimiyyəti əldə saxlamaq üçün çıxış yolu deyil.