AXCP fəalı Murad Adilov ona qarşı olan haqsızlıqlara, qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirir


Tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev öz feysbuk səhifəsində Murad Adilovun aclıq aksiyasına başlamasına münasibət bildirib.

7gun.org həmin yazını olduğu kimi təqdim edir :

"5- ci ildir ki, şərlənib həbs olunan AXCP fəalı Murad Adilov ona qarşı olan haqsızlıqlara, qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirir. Ona verilən, haqq etmədiyi cəzanın 2/3 hissəsini çəkməsinə baxmayaraq bu yaxınlarda hakimiyyət onun "vaxtından əvvəl cəzadan azad olunma" istəyini rədd etdi. Amma insanların ölümünə, ağır bədən xəsarəti almasına səbəb olan məmur övladları, insan oğurluğu, fərarilik, sağlamlığa ciddi zərər vurmaq və s. ittihamlarla Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ağır cəza alan imkanlı şəxslər, Əfv komissiyasına yol tapanlar çox asanlıqla bir neçə ilə azadlığa çıxır. Heç bir suçu olmayan, "günahı" AXCP- nin üzvü, mübariz bir insanın- jurnalist Natiq Adilovun qardaşı olduğuna görə həbs olunan Murad Adilov isə 5- ci ildir ki, zindan həyatı yaşayır. Hakimiyyətdəkilər "kişi kimi mübarizə aparmaq", "ədalətlilik", "humanizm" prinsipləri deyəndə yəqin Murad kimi insanlara etdiklərini nəzərdə tuturlar. Bunlar hələ də anlamırlar ki, ataya görə oğulu, qardaşa görə qardaşı incitməzlər, həbs etməzlər. Hətta o atanın, qardaşın suçu olsa belə...

Murad Adiilov qanunsuz həbs edildiyinə, tam günahsız olduğuna görə Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" elan edib. Nə yazıqlar ki, Muradı həbs edənlər vicdanın nə olduğunu bilmədikləri üçün onun hər formada həbsdə saxlamağa, qardaşının intiqamını ondan almağa çalışırlar...

Amma unudurlar ki, etdikləri hərəkətin mütləq bi gün cəzalarını alacaqlar. Necə deyərlər "gen qaz, dərin qaz" bir gün həmin quyuya özləri düşəcəklər.

Şərlənib həbs olunan Murad Adilovun timsalında bütün siyasi məhbuslara azadlıq tələb edir, yerli və beynəlxalq təşkilatları daha prinsipial mövqe tutmağa çağırırıq!".


AXCP fəalı Murad Adilov ona qarşı olan haqsızlıqlara, qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirir