Gəncə hadisələri ilə bağlı həbslər davam edir
7gun.org tanınmış hüquq müdafiəçisi Oktay Gualiyevin şəxsi feysbuk səhifəsindəki yazını olduğu kimi təqdim edir:03 iyulda Gəncədə baş vermiş məlum hadisələrdən sonra başlanan həbslərin son günlər kütləviləşməsinə dair məlumatlar alırıq. Verilən məlumatlara görə həbs olunanların ümumi sayı 200 nəfəri keçib. Düzdür, onların bəziləri azad olunsa və inzibati həbs cəzasına məruz qalsa da, xeyli sayda şəxsə qarşı cinayət işi açılıb.
Həbslərin əsasən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparıldığı və həbs olunanlara işgəncələr verildiyi bildirilir. İş o yerə çatıb ki, Gəncə hadisələrini hətta həbsdə olan şəxslərə də bağlayıb onlara qarşı da yeni ittihamlar irəli sürürlər…
Məsələn, 2017-ci ilin 07 oktyabrında Gəncədə həbs olunmuş dini fəal Firudin Zeynal bir neçə gün öncə məhkəmə önünə çıxarılaraq ona Gəncə hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 10-a yaxın maddəsi ilə, o cümlədən 214-cü (terror) və 120-ci (adam öldürmə) maddələri ilə cinayət işi açıblar. Təsəvvür edin, hadisə baş verəndə adam 9 aydır həbsdədir, amma boynuna qoymağa çalışırlar ki, Gəncə hadisələrində sənin də əlin və iştirakın var (!?).
Əldə etdiyimiz məlumata görə Gəncə hadisələri ilə bağlı bəzi şəxslər sosial şəbəkələrdə, facebook-da yazdıqları yazılara görə həbs olunublar.
Məsələn, Təranə Sübhəm Səfərsoyun verdiyi məlumata görə onun həyat yoldaşı Rza Türkelli Səfərsoy facebook-dakı çıxışlarına görə Dövlət Təhlüksəzilk Xidmətinin əməkdaşları tərəfindən həbs olunub və ona CM-nin 214-cü maddəsi (terror) ilə cinayət işi açılıb və haqqında məhkəmənin həbs qəti imkan tədbiri seçilib və s. Hazırda yoldaşı DTX-nın təcridxanasında saxlanılır.
Eyni zamanda Azərbaycandan kənarda yaşayan ən azından 30-a yaxın şəxsə də cinayət işi açılıb və onların ölkəyə gətirilməsi istiqamətində iş aparılır. Həmin şəxslərin bəziləri Avropada yaşasa da, əksəriyyətinin Rusiyada yaşadığı bildirilir.
Görünən odur ki, hakimiyyət Gəncə hadisələrindən istifadə edərək ölkədə genişmiqyaslı həbslər həyata keçirir, qorxu xofunu dərinləşdirmək istəyir. Günahsız insanlara qarşı həyata keçirilən repressiyalar və qanunsuz həbslər dayandırılmalı, bütün hərəkətlər qeyri-zorakı, qanuni yollarla tənzimlənməlidir.