"Vəhşi direktor" və "Neftçi"də yeyinti - Elnur Eyvazovun sui-istifadəsi
Azərbaycanda vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsi qeyri-adi hal deyil.Onlar mövcud durumdan yararlanaraq, şəxsi büdcələrini daha da artırır, bu yöndə baş sandırırlar.
7gun.org yenicag.az-a istinadən xəbər verir ki, bu şəxslərdən biri də “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazovdur.
Qısa arayış olaraq bildirək ki, 32 yaşlı Elnur Eyvazov Gəncədə anadan olub. O, “Neftçi”də vəzifəyə təyin olunanadək bir sıra şirkətlərdə çalışıb. 2009-cu ildə bələdiyyə seçkilərində namizədliyini irəli sürən Eyvazov, 2015-ci ildə də deputat olmaq eşqinə düşüb. Lakin 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürən Eyvazovun millət vəkili olmaq arzusu elə arzu olaraq da qalıb.
Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci ildə baş verən struktur dəyişiklikdən sonra isə klubda vitse-prezident postuna təyin olunub.
Lakin Eyvazovun vəzifəsi bununla bitmir. Belə ki, o, eyni zamanda “AdCo” reklam şirkətinin təsisçi-direktorudur. İki vəzifəni özündə birləşdirən Eyvazov klubda tutduğu vəzifə sayəsində həm şirkətinin satışını, həm də şəxsi büdcəsini daha da genişləndirir.
Məsələ burasındadır ki, hazırda “Neftçi”nin bütün reklam işləri məhz Elnur Eyvazovun şirkətinə həvalə edilib. Bir sözlə, tender keçirilmədən “AdCo” rəqabətsiz qalib seçilib. Bu isə istər-istəməz maliyyə yeyintisinin olmasına dair şübhələri artırır.
Bəlkə, başqa bir şirkət, “Neftçi”nin reklam işlərini “AdCo”dan daha münasib qiymətə görəcək? Ümumiyyətlə, bu məsələ ilə bağlı bazarda araşdırma aparılıbmı? Əslində, bu, heç də inandırıcı görünmür. Məsələyə Azərbaycan reallığı ilə yanaşsaq, hər halda Eyvazovgilin öz qazanclarına təpik atıb, çörəyi başqasına verəcəyi də ağlabatan fikir deyil.
“Neftçi”nin himayədarlarının bu durumdan xəbərdar olduğu da inandırıcı deyil. Amma bir şey dəqiqdir ki, klub prezidenti Kamran Quliyevin xəbəri olmadan vitse-prezidentin belə işə qol qoyması onun səlahiyyətləri çərçivəsində deyil. Belə çıxır ki, bu iş birliyindən Kamran bəy də öz faizini alır. Nə deyək? Allah bərəkət versin!
İnanmaq istərdik ki, sonda bu durumdan zərərli çıxan “Neftçi” olmayacaq. Çünki istənilən maliyyə yeyintisinin nəticəsində zərbə kluba dəyir. Rəhbərlik isə sadəcə, himayədarları tərəfindən danlanmaqla kifayətlənir. Onu da nəzərə almaq lazımdır ki, klubun büdcəsinə axıdılan neft pulları azaldıqca, həm klubun iddiası zəifləyir, həm də hədəfləri…
Sonda maraq üçün bildirək ki, Elnur Eyvazov “AdCo” şirkətinin direktoru kimi daha şən imiş. O, hətta vaxtı ilə özü üçün hazırlatdığı kiçik bioqrafiyada özünə “vəhşi direktor” ləqəbini də verib. Onun sözlərinə görə, gəncəlilər yanlız Gənclikdə işləməlidirlər. Eyvazov deyir ki, həftənin dördüncü günləri portağal şirəsi içmək mütləqdir.
P.S. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Elnur Eyvazovun dollara xüsusi sevgisi var. Bu, Eyvazovun 30 yaşını qeyd edərkən şirkət çalışanları tərəfindən hazırlanan tortda da öz əksini tapıb.