Nazirin işçisi Gəncədə qumarxanaya "krışalıq" edir...-İddia


Az qala hər gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən, əsasən internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərinə dair məlumatlarla rastlaşırıq. Lakin buna baxmayaraq, hələ də qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu qəbildən oyunların keçirildiyi obyektlərin fəaliyyətinə tam şəkildə son qoymaq mümkün olmayıb.

Belə ki, son zamanlar redaksiyamıza ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz kazinoların sayının getdikcə artdığına dair informasiyalar gəlməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, qanunsuz qumarxanalar əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Buna misal olaraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekti göstərə bilərik. Bununla əlaqədar verilən məlumata görə, sözügedən obyekt artıq bir müddətdir ki, qanunsuz qumarxana, daha dəqiq desək, kazino kimi fəaliyyətdədir. Halbuki məhrum prezident Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb. Görünən odur ki, hansısa işbazlar Heydər Əliyevin sərəncamına əhəmiyyət vermədən qanunsuz qumarxana biznesinin çiçəklənməsinə və bu yolla milyonlarla vəsaitə sahiblənməyə çalışır.

Məsələnin maraqlı tərəfi ondadır ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekt qanunsuz qumarxana kimi fəaliyyət göstərsə də, nə 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov, nə də Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən obyektdə olub-bitənlərə əhəmiyyət verir. Heç kimə sirr deyil ki, qumarxana, kazino, qanunsuz totalizator və mərc oyunlarının keçirildiyi məkanlarda gün ərzində külli miqdarda vəsait dövriyyədə olur. Yəni orta hesabla götürsək, bu tip obyektlərə baş çəkən insanlar hər gün azı 30-40 min manat uduzur ki, həmin pullar da məhz məkan sahibinin şəxsi büdcəsinə daxil olur. Bir sözlə, qanunsuz qumarxana işlədənlər əldə etdikləri gəlirdən dövlətə bir qəpik belə olsun vergi ödəmirlər. Odur ki, Gəncə şəhərində yerləşən 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov bu cür önəmli məsələyə xüsusi diqqət ayırmalı, həmin obyektlərin fəaliyyətinə son verilməsi məqsədiylə Gəncə Şəhər Baş Polis İdarəsi ilə birgə müvafiq tədbirlərə baş vurmalıdır. Lakin nədənsə həm Şahin Eyyubov, həm də Faiq Şabanov sözügedən qumarxanada yaşanan olayları görməzdən gəlir. Məhz bu faktın özü həmin qanunsuz kazinonun arxasında yüksək rütbəli şəxslərdən birinin dayandığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman 12 saylı Ərazi Vergilər Departamenti, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsi barəsində danışılan qumarxana və onun sahibləri barəsində müvafiq ölçü götürərdilər. Çünki qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir və Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Belə ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu arada, 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorundan söz düşmüşkən, qeyd etməliyik ki, hazırda Gəncə şəhərində fəaliyyət göstərən, 9000 kvadratmetrlik qapalı sahəsi, 4500 kvadratmetrlik icarə sahəsi olan "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi Şahin Eyyubovun yaxın qohumudur. Belə ki, "Aura Park" ticarət mərkəzinin sahibinin 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun əmisi oğlu olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də adıçəkilən obyektdə nəzarət-kassa aparatları quraşdırılmayıb. Kassa aparatlarının quraşdırılmaması isə alış-veriş zamanı vergidən yayınma hallarına səbəb olur. Halbuki Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Həmin məcəllənin 58.7-ci maddəsində isə deyilir ki, əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Görünür, "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun yaxın qohumu olduğundan adıçəkilən obyektdə nəzarət-kassa aparatlarının quraşdırılmamasına göz yumulur...

Onu da nəzərinizə çatdıraq ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı qanunsuz kazino fəaliyyətə başladığı gündən yerli sakinlərin problemləri birə-beş çoxalıb. Belə ki, sözügedən obyektdə milli-mənəvi dəyərlərimizə zidd olan qumarın təşkil olunması son nəticədə Gəncə şəhərində cinayət hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artmasına, qumar borcu olan insanların çıxış yolu kimi qarətə və ya intihara meyllənmələrinə səbəb olub. Məhz elə bu səbəbdən də Gəncə şəhərindəki sözügedən kazino daxil olmaqla, ölkədəki bütün qanunsuz qumarxanalar bağlanmalı, onların sahibləri isə qanuna müvafiq formada cəzalandırılmalıdır. "Hürriyyət"