Əbülfəz Bünyadov təcridxanadan müalicə müəssisəsinə köçürülüb


Nardaran sakini, yataq xəstəsi olan Əbülfəz Bünyadov istintaq təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu, avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində onun məhkəmə prosesində məlum olub. İş üzrə Elxan İsgəndərov da keçir.

Ə.Bünyadov 2015-ci ilin noyabrında Nardaranda "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdaşlarına qarşı xüsusi əməliyyat zamanı saxlanılıb. Lakin sonradan həbs qətimkan tədbiri polis nəzarətinə verilmə ilə əvəzlənib. E.İsgəndərovun isə barəsində axtarış elan edilib və o, bir ildən sonra həbs olunub.

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Bünyadovu 15 il azadlıqdan məhrum edib. İflic vəziyyətdə olan məhkumu məhkəmə zalından xərəklə aparıblar.

E.İsgəndərov 14 il həbs cəzası alıb.

Onlar terrorçuluq, hakimiyyətin zorla dəyişdirilməsinə cəhd, qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində ilkin iclas zamanı müdafiə tərəfinin qismən təkrar məhkəmə istintaqının aparılması, müttəhimlərin ev dustaqlığına keçirilməsi, Nardaran hadisələri ilə bağlı mühakimə olunan digər şəxslərin, həmçinin Nardaranda əməliyyata rəhbərlik etmiş DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kərim Əlimərdanovun şahid kimi dindirilməsi barədə vəsatətləri təmin olunmayıb.

Mahiyyəti üzrə dinləmələr sentyabrın 11-nə təyin edilib. Ə.Bünyadovun doğmaları bildiriblər ki, onu əvvəlcə təcridxanada saxlayıblar. Sonra görüblər ki, ağır xəstəni orada saxlamaq mümkün deyil, Penitensiar Xidmətin müalicə müəssisəsinə göndəriblər. /Turan.az/