Oktay Gülalıyev Yalçın İmanovu təbrik etdi
2012- ci ilin 20 aprelində haqqımda Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə cinayət işi açıb vəkilsiz (!?) məhkəmə önünə çıxardılar. 3 aylıq həbs qəti- imkan tədbiri seçib gecə ikən Sabirabaddan Şüvəlana etap etdilər. Bir neçə gün sonra yanıma bir nəfər gələrək özünü təqdim etdi. Bildirdi ki, vəkil kimi hüquqlarımı o müdafiə edəcək- Yalçın İmanov. Məlum oldu ki, dostlar mənim müdafiə işimə onu məqbul bilib. Qəbul etdim. Yalçın bəyi yaxından tanımasam da çox qısa vaxtda bir- birimizə isinişdik...Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb:"... Həbsdə olduğum müddətdə məni qanunsuz, saxta ittihamlarla həbs etdiyinə və maraqlı tərəf olduğuna görə Sabirabad RPŞ- yə ifadə vermədim. Mənim bu hərəkətim onların bütün planlarını və keçirməli olduqları istintaq hərəkətlərini pozdu. Məni Sabirabada etap edib hadisə yerinə baxış keçirə, yalançı şahidlərlə üzləşmə və s. hərəkətləri edə bilmədilər. Elə zənn edirdilər ki, bu hərəkətləri etməyə vəkil Yalçın İmanov məni təhrik edir. Yalçın bəy də mənim bu hərəkətlərimi qanuni şəkildə əsaslandırıb müdafiə edirdi. Məsələ ilə bağlı Sabirabad RPŞ dəfələrlə respublika Baş prokurorluğuna, prokurorluq isə Vəkillər Kollegiyasına müraciət edərək Yalçın İmanovun cəzalandırmasını tələb etdilər. Hətta Rüstəm Usubov Kollegiyaya müraciət edərək "destruktiv" fəaliyyətinə görə onun haqqında ciddi tədbir görülməsini istədi. Müstəntiq mənə bildirdi ki sənə görə onu Kollegiyadan çıxara bilərlər. Mən çıxılmaz vəziyyətdə idim. Yalçın bəyə təklif etdim ki, sizə təzyiq etməmək, Vəkillər Kollegiyasından çıxarmamaları üçün mənim müdafiəmdən çəkilə bilərsiniz, mən incimərəm. Amma Yalçın bəy geri çəkilmədi, sona qədər sözün gerçək mənasında qarşı tərəflə vuruşdu. Mənim hüquqlarımı müdafiə etdi. Bəzən müstəntiq və Təcridxananın rəhbərliyi ilə onun mübahisəsi o qədər kəskin olurdu ki, bir neçə dəfə görüş və müzakirələrimiz yarımçıq qalıb. Fikrinin düzgün və qanuni olduğunu sübut etmək üçün Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsinin Təcridxanaya görüş otağına gətirilməsini tələb edib və fikrində haqlı çıxıb. O məni sona qədər müdafiə etdi və sonda böyük ictimai dəstəyin köməyi ilə biz qalib gəldik, mən azad olundum...
Yalçın bəyin fədakarlığını, mübarizliyini və savadlı vəkil kimi insanların hüquqlarını necə sona qədər müdafiə eləməyini mən digər siyasi məhbusların müdafiə işində də gördüm. Onun bu prinsipiallığına, dönməzliyinə görə təzyiqlər dayanmadı, Vəkillət Kollegiyasından xaric etdilər. Amma onu insanların qəlbindən xaric edə bilmədilər..
Bu gün o fədakar insanın, etibarlı dostun, cəsarətli vəkilin doğum günüdür. Təbrik edirəm! Arzuladığınız azad, hüquqi cəmiyyətdə yaşamağı arzu edirəm. Bu gün özünə də dedim: Yalçın İmanov kimi dəyərli insanlarla eyni dövrdə, cəmiyyətdə yaşamaq qürurvericidir!"- deyə Oktay Gülalıyev qeyd edib.