Okyat Gülalıyev: “Həbs olunanlar sadə, kasıb insanların övladlarıdır”
Gəncədəyik. 2018- ci ilin yayında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsindən sonra həbs olunmuş bir qrup şəxsin ailə üzvləri ilə görüşdük. Övladları ağır işgəncələrə, ittihamlara və cəzaya məruz qalmış valideynləri dinlədikcə adam dəhşətə gəlir. Bir daha aydın olur ki, Azərbaycanda hüquq və insan haqları adına nə varsa dəfn ediblər...Valideynlərin verdiyi məlumata görə " Gəncə işi" ilə bağlı həbs olunan şəxsin heç bir müdafiə hüququ təmin olunmayıb. Onların işində bir nəfər də olsun müstəqil vəkil iştirak etməyib. Bu günə qədər təqsirləndirilən şəxslərə İttiham Aktı və məhkəmə hökmü verilməyib (!?). Həbs olunanların bir çoxu hətta hansı maddələrlə ittiham olunduqlarını bilmirlər (!?). Onlara CM- nin ağır və fərqli maddələri ilə cinayət işi açıblar. 14 nəfər haqqında artıq məhkəmə hökmü çıxarılıb...
Həbs olunanlar sadə, kasıb insanların övladlarıdır. Çoxu övladlarının məhkəməsində iştirak etmək üçün Bakıya gedə bilmirlər. Onlara aylarla yanına gedib sovqat apara bilmirlər. Yeri gəlmişkən Gəncədə keçirilməli olan məhkəmə Bakıda Sabunçu rayon məhkəməsində keçirilir ki, insanlar öz doğmalarının məhkəməsində iştirak edə bilməsinlər. Məhkəmə önündə izdiham və kütləvilik olmasın...
Hazırda "Gəncə işi" ilə bağlı ən azından 50- dən çox şəxs həbsdədir. Onların işində siyasi motivlər var. Bu motivləri araşdırmağa və hüquqi dəstək olmağa çalışacayıq. Müstəqil vəkillərə ehtiyac var...
Hər kəsi bu işdə dəstək olmağa, aidiyyatı qurumları isə "Gəncə işi" ilə bağlı həbs olunanların işini ədalətli araşdırmağa və qərar verməyə çağırırıq!