Məmməd İbrahimin işi üzrə məhkəmə iclasında
Bu gün Suraxanı Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il mühakimə olunub. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb. Bu ittiham üzrə onu daha 6 ay həbs cəzası gözləyir.
Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hakim Ceyhun Qədimovun sədrliyilə bugünkü iclas zamanı mahiyyəti üzrə dinləmələr başlayıb.
M.İbrahim günahsız olduğunu bildirib. Bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.
Vəkillər proses müddətində onun dəmir "qəfəs"dən çıxarılması, ev dustaqlığına buraxılması, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıblar.
Müdafiə tərəfi diqqəti ona yönəldib ki, M.İbrahimin yastığın altındakı deşici-kəsici əşyanın ona məxsus olmasına tutarlı sübut yoxdur. Ekspertiza bıçağın üzərində M.İbrahimin barmaq izlərni aşkar etməyib.
Onun saxlandığı barakda yoxlama aparılarkən M.İbrahim namaz qılmaq üçün çıxıb. Elə həmin vaxtda da bıçağı onun yastığının altına qoyublar.
Lakin hakim vəsatətləri təmin etməyib.
Şahid ifadələrinin dinlənilməsi növbəti iclasa, dekabrın 4-nə təyin edilib.