Mustafa Hacıbəylinin işi üzrə məhkəmə istintaqı başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə istintaqı başlayıb.İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.
Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçib.
Bugünkü məhkəmə iclasında ittiham aktı oxunub. Sənəddə deyilir ki, Mustafa Hacıbəyli "xidməti səlahiyyətlərini aşaraq öz saytının vasitəsilə dəfələrlə hakimiyyət dəyişikliyinə çağırışlar edib".
M.Hacıbəyli özünü günahkar saymadığını bildirib.
Vəkil Osman Kazımov öz növbəsində bildirib ki, müdafiə tərəfinə ittihamın məzmunu aydın deyil.
O, AXCP üzvlərinin həbsilə bağlı Turan agentliyinin məlumatına istinadən bastainfo.com saytında dərc edilən xəbərlərdən birini göstərib.
Vəkil sual edib: "Bu xəbərdə hakimiyyətin devrilməsinə çağırış haradadır?"
Vəkil ittiham tərəfinin sözügedən xəbərdə cinayət tərkibinin olması ilə bağlı sübutların təqdim olunması barədə vəsatət qaldırıb.
Hakim vəsatətə reaksiya verməyib və şahidlərin dindirilməsinə keçib.
bastainfo.com saytı ilə əməkdaşlıq edən üç şahidin - jurnalistlərin ifadələri dinlənilib.
Onlar bildiriblər ki, yazdıqları mətnlər baş redaktor baxdıqdan sonra dərc edilir. Jurnalistlər qeyd ediblər ki, baş redaktorun günahkar bilindiyi mətn Turan agentliyindən götürülüb.
Vəkil şahid Heybət Əmrahdan Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun bədənində zorakılıq izlərinin olduğu fotonun mənbəyini soruşarkən hakim sualı çıxarıb.
Digər şahid Rüfət Baxşiyev bununla bağlı deyib ki, foto ancaq hüquq-mühafizə orqanları tərəfindən yayıla bilər.
M.Hacıbəyli şahidlərdən onun günahkar bilindiyi mətnlərin dərcindən sonra bir narahatlığın olub-olmadığını soruşduqda onlar mənfi cavab veriblər.
Məhkəmə iclası yanvarın 29-da saat 9:30-da davam edəcək.
Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.