Mustafa Hacıbəyliyə cinayət işi açıldı
Bastainfo.com saytının baş redaktoru, Musavat Partiyasının Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəyliyə cinayət işi açılıb.
Noyabrın 30-da Bakı şəhər Prokurorluğunda bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281-2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-2 (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirlən şəxs qismində ittiham elan edilib. Bu barədə Amerikanın Səsinə Mustafa Hacıbəylinin özü məlumat verib.
“Məni ağır cinayətlərdə ittiham edirlər. Cinayət işi yaxın günlərdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə keçirləcək”, o qeyd edib.
Hacıbəylinin sözlərinə görə, AXCP fəallarının həbsi və Gəncə hadisələri ilə bağlı başqa media orqanlarında dərc edilən məlumatların bastainfo.com saytında yayılmasına görə ittiham olunur.
“Bu ittihamları ifadə azadlığına qarşı qəsd kimi qiymətləndirirəm”, o qeyd edib.
Sayt rəhbərinə qarşı polis nəzarətinə götürmə qətimkan tədbiri seçilib. Hacıbəyli hər həftədə iki dəfə polisdə qeydiyyatdan keçməlidir.
Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamlar internet vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb.
İlkin mənbə və müəlif hüququna malik qurumdan, hətta izahat alınmadığı halda, bu yazıları istinad edərək dərc edən saytın baş redaktorunun ağır çinayətdə ittiham olunması hətta məntiqsiz, absurd qərarları ilə “məşhurlaşan” Azərbaycan mühakimə sistemi üçün əndazəni aşan davranışdır.
Arif Hacılı
Bastainfo.com saytında dərc olunan 3 məqalə ilə bağlı fakt üzrə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanıb, Mustafa Hacıbəyli şahid qismində istintaqa cəlb edilib.
Prokurorluq bastainfo.com saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Bundan sonra bastainfo.com saytına giriş məhdudlaşdırılıb.
Mustafa Hacıbəyli dəfələrlə prokurorluğa çağırılaraq dindirilib. Həmçinin saytın əməkdaşları Bakı Şəhər Prokurorluğunda şahid qismində ifadə veriblər.
Sayt rəhbərinin ölkədən çıxışına da qadağa qoyulub.
Bu gün, noyabrın 30-da Səbail Rayon Məhkəməsində hakim Nürəddin Bağırovun sədrliyi ilə bastainfo.com saytına girişin məhdudlaşdırlması barədə qərardan verdiyi şikayətlə bağlı məkəmə prosesi başa çatıb.
Məhkəmədə iddiaçı qismində saytın baş redaktoru Mustafa Hacıbəyli, cavabdeh qismində isə Baş prokurorluğunu nümayəndəsi Kənan Zeynalov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov iştirak edib.
Hakim bildirib ki, məhkəmə şikayət üzrə icraata hazırlıq iclası mərhələsində xitam verib.
Məhkəmədən sonra Mustafa Hacıbəyli prokurorluğa dəvət edilərək ona qarşı ittihamlar elan edilib.
Müsavat Partiyası bu qurumun Mətbuat Departamentinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət işinin qaldırlmasını pisləyir.
“Hakimiyyətin Müsavata qarşı basqıları davam edir. Müsavat Mətbuat Departamentinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb. Haqqında polis nəzarətinə götürmə qətimkan tədbiri seçilib. “Turan” informasiya agentliyinin analitikləri tərəfindən yazılan, “Turan” və başqa bir neçə saytda dərc olunan yazıları istinad olunmaqla dərc etdiyinə görə bastainfo.com saytı, saytın baş redaktoru ağır cinayətdə ittiham edilir. “, -Arif Hacılı özünün “facebook” səhifəsində yazıb.
“Ölkədə baş verən, hər kəsə bəlli olan hadisə, həbs edilən müxalifətçilər barədə məlumat vermək cinayət hesab olunub. İlkin mənbə və müəlif hüququna malik qurumdan, hətta izahat alınmadığı halda, bu yazıları istinad edərək dərc edən saytın baş redaktorunun ağır çinayətdə ittiham olunması hətta məntiqsiz, absurd qərarları ilə “məşhurlaşan” Azərbaycan mühakimə sistemi üçün də əndazəni aşan davranışdır. Qurduğumuz dövləti şəxsi əmlakları kimi mənimsəyənlər çatışmazlıq kompleksindən əziyyət çəkirlər. Bu dövləti quranlara, qoruyanlara, ağıllı, ziyalı, vətənpərvər hər kəsə, şəhid ailələrinə, Qarabağ qazilərinə nifrətlərinin əsas səbəbi budur. Özlərdən ağıllı, cəsarətli, savadlı, vətən təəsübkeşi olanlara nifrət edirlər. Onları məhv etmək qəsdindədirlər. Özlərindən bir baş üstün olan başları kəsib hamı ilə bərabər, bərabər olan başları da kəsib hamıdan bir baş hündür olmaq istəyirlər. Bu haqsızlıqların sonu olacaq, tezliklə olacaq!”, -Arif Hacılı əlavə edib.
Bastainfo.com