Jurnalistlər ombudsmana müraciət etdi


Bir qrup jurnalist və hüquqşünas Ombudsman Elmira Süleymanovaya həbsdə olan bloger Mehman Hüseynovun ağır xəstə anası Firəngiz Hüseynova ilə görüşməsi üçün şərait yaradılmasına köməklik göstərməsi xahişi ilə müraciət edib.

7gun.org xəbər verir ki, bu barədə hüquqşünas Samirə Ağayeva Turan-a bildirib.

Onun sözlərinə görə, Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2.-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Mehman Hüseynov Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəndə saxlanılır. Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir.

O, hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənilib. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.

"M.Hüseynov cəza çəkdiyi müddətdə heç bir qanun və ya daxili intizam qaydalarının pozuntusuna yol verməyib, müsbət xarakterizə edilir. M.Hüseynovun anası Firəngiz Hüseynova 20 günə yaxındır ki, ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır, hazırda komadadır və süni nəfəs aparatına qoşulub. Həkimlərin heç bir müsbət proqnoz vermirlər. O, hər an həyatını itirə bilər", deyə mütraciətdə qeyd edilir.

Xatırladaq ki, iyulun 30-da bir qrup jurnalist və hüquq müdafiəçisi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Mehman Sadıqovla görüşüb M.Hüseynovun anası ilə görüşməsinə şərait yaradılmasını xahiş ediblər.

Daha sonra, ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova teleqram göndərilib.

Cəzaların İcrası Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır.

Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, bu Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Yuxarıda qeyd edilənləri və Firəngiz Hüseynovanın ağır durumunu, onun hər an həyatını itirə biləcəyini nəzərə alaraq bu məsələyə qoşulmağınızı və öz səlahiyyət çərçivəsində təxirə salınmadan tədbir görməyinizi xahiş edirik", deyə müraciətdə qeyd edilir.

Müraciəti hüquqşünas Samirə Ağayeva, jurnalistlər Tatyana Kryuçkina, Hafiz Babalı, Şəmşad Ağayev, Aytən Ələkbərova, Vüsalə Rüstəmova, Fərqanə Novruzova, Mustafa Hacılı imzalayıb.