Oqtay Gülalıyev Əfqan Muxtarlinın oğurlandığ ərazidə monitorinq aparıb-FOTOLAR
Azərbaycandan çıxışına məhdudiyyət qoyulan hüquq müdafiəçisi Oqtay Gülalıyev nəhayət ki, ölkədən çıxışına icazə verilibdir. İlk səfərini Gürcüstan Respublikasına edən hüquq müdafiəçisi Tibilisidə hazırda Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının oğurlandığı yerdə monitorinq aparıb.
7gun.org xəbər verir ki, bu haqda hüquq müdafiəçisi özünün feysbuk səhifəsində məlumat paylaşıb:
"Bu gün araşdırmaçı jurnalist, hazırda həbsdə olan Əfqan Muxtarlinın Tbilisidə oğurlandığı yerdə oldum. Yerli fəalların iştirakı ilə onun oğurlandığı gün 4 saylı avtobusdan düşərək yaşadığı evə qədər getdiyi yerlərdə olduq. Kiçik monitorinq apardıq. Bu ərazidə müxtəlif otellər, dövlət qurumları və xarici ölkə səfirliklərinin yerləşdiyi binalar var. Bu binaların hamısının girişində video kameralar var. Əfqan bəyin oğurlandığı ərazidə 16 video kamera saydıq. Həmin kameralar vasitəsi ilə çox asanlıqla bu oğurluq səhnəsini, eləcə də Əfqan bəyin həmin saatlarda 10 min evro ilə sərhəddi "keçməsi" ittihamını dəlil, sübutlarla ifşa etmək olardı. Amma çox təəssüf ki, Gürcüstan hakimiyyəti bunu etmədi...
Bu hərəkəti ilə hazırkı gürcü höküməti Əfqan Muxtarlının oğurlanıb həbs olunması cinayətində iştirakına imza atdı. Cinayətə şərik oldu...
Biz nə Əfqan Muxtarlının oğurlanması cinayətini, nə də bu cinayəti törədənləri və onun şəriklərini əsla unutmadıq. Eləcə də digər günahsız həbs olunan siyasi məhbuslarımızın həbsində iştirak edənləri də unutmadıq...
Əfqan Muxtarlı başda olmaqla şərlənib həbs olunan bütün siyasi məhbuslara azadlıq tələb edirik!"