Mehman Hüseynov müvəqqəti azadlığa buraxılacaq


Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

7gun.org xəbər verir ki, Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov unikal.org-a açıqlamasında bildirib ki, hazırda həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşür.

Mehman Hüseynovun cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra anasının dəfnində iştirak etmək üçün bugün onun müvəqqəti azadlığa buraxılacağı gözlənilir.




Hakimiyyət həbsdə olan bloger Mehman Hüseynovun ölüm döşşəyində olan anası ilə görüşünə icazə vermədi.

Ağır xəstə olan Firəngiz Hüseynova 2018-ci il avqustun 6-na keçən gecə dünyasını dəyişdi.

Buna qədər o, "kəskin ürək çatışmazlığı" diaqnozu ilə üç həftə reanimasiyada qalıb.

İyulun 15-də o, kliniki ölüm yaşayıb, amma həkimlər onu həyata qaytarmağa müvəffəq olublar. Reanimasiyada iki həftəlik müalicədən sonra həkimlər jurnalistin anasını süni koma vəziyyətindən çıxararaq, süni nəfər aparatından ayırıblar.

Mehman Hüseynovun ağır xəstə olan anası ilə görüşmək imkanı verilməsi xahişi ilə hakimiyyətə müraciətləri təmin edilməyib.

Firəngiz Hüseynova 71 yaşına iki gün qalmış oğlu ilə görüşə bilmədən dünyasını dəyişib.

Mehman Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ölkə rəhbərliyini mərhəmətsizlikdə və Firəngiz Hüseynovanı ölüm həddinə çatdırmaqda, xəstəxananın tibbi heyətini isə mərhəmətsizlikdə və səriştəsizlikdə ittiham edib.

Bir müddət əvvəl hakimiyyət Mehmanın qardaşı, RATİ-nin icraçı direktoru, hazırda siyasi mühacirətdə yaşayan Emin Hüseynovun həbsinə təşəbbüs etmişdi.

RATİ beynəlxalq ictimaiyyəti bu faciənin baş verməsində təqsirli olan yüksək vəzifəli məmurlara və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətindən tənqidçilərinin və onların ailə üzvlərinin qeyri-insani təqibinə dərhal son qoymağı, habelə bütün ifadə azadlığı məhbuslarının - jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı və Ziya Əsədli, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, habelə satirik şair Tofiq Həsənovu dərhal və qeyd-şərtsiz həbsxanalardan azad etməyi tələb edir. /Turan.az/