Ölkədə dərəbəylik höküm sürür


Ölkənin maddi sərvətləri, iqtisadi və maliyyə resursları ailə hakimiyyətinin və bir qrup yüksək vəzifəli oliqarxların ixtiyarındadır.

Azad mətbuat ölkədəki ictimai-siyasi və sosial böhranla bağlı araşdırmaları ictimaiyyətə ardıcıl olaraq çatdırır. Durumun kökündə dövlətin ali orqanlarının qəbul etdiyi qanunlara yüksək vəzifəli şəxslərin və icra məmurlarının saymazyana yanaşmaları, oliqarxların idarəetmə orqanlarını rüşvətlə satın almaları, hüquq mühafizə sisteminin korrupsiya batağlığında çabalaması, əhalinin hüquqlarının hakimiyyət dairələrinin xeyir-duası ilə davamlı olaraq pozulması və xalqda milli dövlətçiliyə inamın zəiflədilməsindən ötrü antimilli fəaliyyəti dayanır.

Bu sözləri 7gun.az saytının rəhbəri Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb.

"Ölkədə hüquqi nihilizm o həddə çatıb ki, vətəndaşların şikayətlərinə azğınlaşmış məmur ordusu cavab verməyi də özünə sığışdırmır. Hüquq mühafizə orqanlarındakı dərəbəylik ağılasığmaz həddə çatıb. Ölkənin ədliyyə və polis orqanları qanunların icrasına nəzarəti təmin etmək istəmir və ya nəzarət etmək qabiliyyətini itiriblər.

Qeyri Hökumət Təşkilatlarının və azad mətbuatın yüksək çinli məmurların ciddi qanun pozuntuları ilə müşayiət olunan cinayət xarakterli fəaliyyətləri ilə bağlı araşdırmalara Prezident Administrasiyasının və digər ali dövlət qurumlarının rəhbərləri saymazlığ nümayiş etdirirlər.

Əhalinin normal yaşamaq imkanları gündən-günə tükənir. Ölkənin maddi sərvətləri, iqtisadi və maliyyə resursları ailə hakimiyyətinin və bir qrup yüksək vəzifəli oliqarxların ixtiyarındadır. Ölkənin maddi sərvətlərini talayaraq xalqdan oğurlanan pulları xaricdəki ortaqları ilə işbirliyinə yatıran hakimiyyət mənsublarının və oliqarxların idarəetmə sistemində qanunların icrasının zəifləməsinə yönəlik fəaliyyətləri ağır fəsadlar verə bilər"-deyə o, bildirib.