İqtidarın şəhidlərə yanaşması dəyişir?


Milli Şura və AXCP-nin Milli Dirçəliş Günü münasibətilə 2018-ci il noyabrın 17-də Şəhidlər Xiyabanına təşkil etdiyi ziyarətin qarşısı polis tərəfindən zorakılıqla alınıb. Milli Şuranın sədri, professor Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və ziyarətə gələn çoxsaylı fəallar polis tərəfindən saxlanılıb.

Həmin gün Səbayel Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) işə baxaraq hökm çıxarıb. AXCP sədri Əli Kərimli başda olmaqla bir qrup şəxs qanuna zidd şəkildə yüksək cərimələnib və üç nəfər şəxs isə inzibati həbs edilib.

Məhkəmənin qərarı qanunidirmi?

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda kütləvi aksiyaların hansı hallarda müvafiq hökumət qurumları ilə razılaşdırılması çox aydın şəkildə qeyd olunub. Bu qanunda Şəhidlər Xiyabanının ziyarət edilməsi qaydaları hər hansı formada tənzimlənmir. Qanunun 3-cü maddəsində sadalanan "Toplantının formaları" (yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket) sırasında belə bir tələb yoxdur. Eyni zamanda qanunun 4-cü maddəsində təsbit olunmuş "Nizamlanmayan toplantılar" arasında bayram tədbirlərinin də yer alması öz əksini tapdığı üçün belə bir razılaşmaya gərək yoxdur.

Bununla yanaşı, indiyədək Şəhidlər Xiyabanının ziyarət edilməsi heç vaxt müvafiq qanunla tənzimlənməyib. Qanunda belə bir normanın olmaması ilə bərabər, təcrübədə də hökumət qurumlarından belə bir tələb irəli sürülməyib.

Uzun illərdir cəmiyyətin ən müxtəlif sosial qurupları, o cümlədən də müxalifət mütəmadi olaraq bayram günlərində Şəhidlər Xiyabanına ziyarət təşkil edir. Müxalifətin şəhid məzarlarını ziyarət etməsi adi haldır və heç bir siyasi nəticə doğurmur. Bu ziyarətlər müxalifəti gücləndirmədiyi kimi, iqtidarı da zəiflətmədiyi üçün hökumətin narahatlığını anlamaq çətindir. Bu baxımdan Milli Şura rəhbərliyinin və üzvlərinin Şəhidlər Xiyabanını ziyarət edərkən üzləşdiyi zorakılıq, dinc ziyarətçilərə polisin kobud müdaxiləsi qanun pozuntusu olmaqla yanaşı, həm də müəyyən suallar doğurur.

Polisin bu ziyarətə kobud müdaxiləsinə səbəb nə ola bilər?

Polisin vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozması halları istisnasız olaraq hakimiyyətin siyasi iradəsi ilə baş verir. Xüsusilə də müxalifətə qarşı polis orqanlarının qanuna və hüquqa zidd davranışları daha çox diqqəti çəkir. Azərbaycan hökuməti xeyli vaxtdır öz basqıçı iradəsini zorakı üsullarla cəmiyyətə diqtə etməyə çalışır. Təsadüfi deyil ki, məhz 2014-cü ildən etibarən Azərbaycan dövləti "Demokratiya indeksi"nə görə beynəlxalq arenada "qeyri-azad" ölkə statusunu alıb.

Təhlillər göstərir ki, istənilən qeyri-azad ölkənin hakimiyyətləri sosial-siyasi proseslərdə polisdən siyasi alət kimi istifadə edir. Cəmiyyətdə qorxu mühitini dərinləşdirməklə demokratik prosesləri önləməyə çalışır.

İqtidarın şəhidlərə yanaşması dəyişir?

Keçən il müxalifətin "20 yanvar", "26 fevral-Xocalı Soyqırımı" anım tədbirlərinə gələn insanlara qarşı heç bir əsas olmadan polisin kobud müdaxiləsi və zor tətbiq etməsi mediada geniş müzakirələrə səbəb olmuşdu. Sanki hökumət belə mərasimlərdə süni qarşıdurma yaratmaqda maraqlı görünürdü.

Həmçinin hökumətin şəhid ailələrinə ödəniləcək sığorta pulunu çoxsaylı bəhanələrlə yubatması, ağbirçək şəhid analarına, ağsaqqal şəhid atalarına və həyat yoldaşlarına iqtidar məmurlarının göstərdiyi aşağılayıcı münasibət də getdikcə artır. Ölkə müxalifətinin şəhidlərə yüksək dəyər verməsi, onları hər bayramda ziyarət etməklə gündəmdə saxlaması nədənsə hökuməti qıcıqlandırır.

Eyni zamanda hökumət bir tərəfdən Qarabağ probleminin doğurduğu sosial qrupların müxalifət tərəfindən gündəmdə qalmasından narahatdır, digər tərəfdən isə bütün basqılara baxmayaraq, müxalifəti siyasi baxımdan sıradan çıxara bilmədiyi üçün zorakılığa əl atır.

"Milli Dirçəliş Günü"nün mahiyyətindən doğan ovqat hökuməti çəkindirir?

Çağdaş tariximizdə ellikcə uğur qazandığımız, birlik ifadə etdiyimiz çox az nümunələr var. Milli birlikdən, kollektiv iradədən qorxan, xalqın coşqusundan yuxusu ərşə çəkilən çevrələr adətən belə örnəkləri cəmiyyətə unutdurmaq istəyirlər.

Sosioloji analizlər göstərir ki, Milli Dirçəliş Gününün yaratdığı yüksək psixoloji ovqat cəmiyyətin fəal kəsimini hərəkətə gətirə və mllətin öz gücünə yenidən inamının oyanışı ilə demokratik proseslərə həlledici təkan verə bilər. Hökumət bu tendensiyanı önləmək üçün nəinki açıq tədbirlərə, hətta qapalı zallarda öncədən razılaşdırılmış toplantılara da müdaxilə edir.

Hakimiyyət daxilində nə baş verir?

Cəmiyyətdə sosial dayaqları tədricən zəifləyən hakimiyyəti son günlər həm də öz məmurlarının, deputatlarının rüsvayçı davranışları gülüş obyektinə çevirib. Ölkənin hər yerində bu mövzuda müzakirələr gedir və hökumətin daxilində ənənəvi münasibətlər xeyli sarsılıb. Bir neçə gündür ki hakimiyyət bu gündəmi dəyişməyə və müzakirələrin istiqamətini hökumətdən uzaqlaşdırmağa nail ola bilmir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, sabiq rektor Abil Məhərrəmov və digər vəzifəli şəxslərin barəsində yayılan məlumatlar sosial şəbəkələrin gündəmindən düşmür.

Eyni zamanda hökumətdə başqa yüksək vəzifəli şəxslər və məmurlar barəsində də mütəmadi ziddiyyətli məlumatlar dolaşır. Müşahidələr göstərir ki, hökumət daxilində mövqeləri zəifləməkdə olan bəzi quruplar da cəmiyyətdə irimiqyaslı qarşıdurmalarda və hakimiyyətə qarşı beynəlxalq təzyiqlərin artmasında maraqlıdırlar.

Həmçinin hökumət daxilində mənəvi aşınmanı saxlamaq da xeyli çətinləşib. Sivil siyasi vasitələrdən istifadə bacarığı olmayan hakimiyyət nümayəndələri yalnız polisin və digər hüquq- mühafizə orqanlarının gücünü qanunsuz olaraq cəmiyyətə istiqamətləndirməklə vəziyyəti sabit saxlamağa ümid edir.

AXCP sədri Əli Kərimlinin və partiya üzvlərinin qanunsuz olaraq polis idarəsinə aparılması, barələrində qanunsuz hökm çıxarılması hökumətin daxilindəki müəyyən gərginliyi müvəqqəti pərdələmək məqsədi daşıyırdı.

Son olaraq, proseslərin təhlili göstərir ki hökumətin müxalifətə qarşı belə qanunsuz davranışı cəmiyyətdə əlavə gərginliyə yol aça bilər. Müxalifətçilərin həbsi və cərimələnməsi nə müxalifətin zəifləməsinə, nə də hökumətin güclənməsinə səbəb olacaq. Hökumətin bu kimi addımlarından ən çox zərər çəkən isə məhz iqtidar ola bilər. Xüsusilə də müasir beynəlxalq və regional siyasi münasibətlərin yeni reallığında bu risk böyükdür.