Səbail Rayon Məhkəməsinin qərarı ilə daha bir saytın fəaliyyəti məhdudlaşdırılıb
Anaxeber.az saytı da bloklanıb. Bu barədə Arqument.Az-a saytın baş redaktoru Azər Talıbov məlumat verib.
O bildirib ki, avqutsun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə saytın fəaliyyəti məhdudlaşdırılıb.
Baş redaktor bu qərardan apelyasiya şikayəti verəcəyini deyib.
Az24saat.org və "Xural.com" saytlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.
Bu barədə baş redaktorlara vəkil məlumat verib.
Şikayətdə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və saytlara girişin məhdudlaşdırılmasının aradan qaldırılması tələb edilib.
Xatırladaq ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.
Avqustun 8-də isə Səbail Rayon Məhkəməsi "Arqument.Az" və "Xural.com" saytları bloklanıb.
Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə əsasən avqustun 10-da Arqument.az saytına girişin məhdudlaşdrılması barədə qətnamə ləğv edilib.
2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, "Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.