Polislə şəhid ailələri arasında insident yaşanıb


Ailə üzvü Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğuna görə 11 min manat birdəfəlik müavinət almalı olan şəhid ailələrinin bir qrup üzvü dekabrın 11-də Prezident Administrasiyası önündə toplaşmaq istəsə də, polis buna imkan verməyib.

Buna cavab olaraq, aksiya iştirakçıları "Şəhidlərin haqqı yeyilməz" şüarları səsləndiriblər.

Hadisə iştirakçılarının bildirdiyinə görə, bu dəfə polis əməkdaşları onlarla zorakı davranıb: "Biz nə istəyirik ki, qanun veriblər, icra edilməsini istəyirik, müraciət etmişik, dəfələrlə gəlib burda toplaşmışıq. Qəbul ediblər, yazmışıq, cavab versinlər, ya da birdəfəlik 20 yanvardakı kimi qırsınlar, bitsin bu iş".

Şəhid ailələri üzvlərinin bildirdiynə görə, aksiya zamanı ərazidəki polis əməkdaşları ilə şəhid ailələrinin üzvləri arasında insident yaşanıb.

Bildirildiyinə görə, şəhid ailələrinin üzvləri qaba rəftara məruz qalıblar, bir nəfərin səhhətində problemlər yaranıb, təcili tibbi yardım çağırılıb.

Hadisə yerindən bildirildiyinə görə, aksiya iştirakçılarından bir nəfəri mülki geyimli şəxslər saxlayıb, naməlum istiqamətə aparıblar.

Şəhid ailəsinin üzvü Sevinc Quluzadənin sözlərinə görə, saxlanılan şəxs Toğrul Qocayevdir: "Biz Prezident Administrasiyasının ön tərəfində gedirdik. Yaxınlıqdakı maşından iki nəfər mülki geyimli düşdü, Toğrulun iki qoluna girib maşına otuzdurdular. Heç bir şey demədən sürüb, apardılar", deyə S.Quluzadə bildirib.

S.Quluzadənin sözlərinə görə, T.Qocayevin atası Qarabağ döyüşlərində şəhid olub: "Prezident Adminstrasiyasına kollektiv ərizə vermişik. Gedib, ordan öyrənmək istəyirdik ki, nəticəsi nə olub. Bizə tövsiyə edirlər ki, birdəfəlik müavinətə görə məhkəməyə müraciət edək, amma indiki durumda məhkəmələrə müraciət etməyimiz mümkün deyil.

S.Quluzadə deyir ki, T.Qocayevlə bağlı məlumat ala bilmirlər.