Prezident Administrasiyası şəhid ailələrini məhkəmələrə göndərir
Doğmalarının həlak olmasına görə təzminat ödənilməməsindən şikayət edən şəhid ailələrinin 70-ə yaxın nümayəndəsi bu gün növbəti dəfə Şəhidlər Xiyabanına toplaşıblar.Əvvəlcə onlar dövlət televiziyasının onların problemlərini yanlış işıqlandırmasına etirazlarını bildirmək və məsələnin mahiyyətini izah etmək üçün AzTV-yə getmək istəyiblər.
Amma, aksiya iştirakçılarından biri - Sevinc Quluzadə bildirib ki, onları AzTV-nin önünə buraxmayıblar.
Şəhid ailələri Milli Məclisə müraciətlərinə də cavab ala bilməyiblər.
Bundan sonra onlar Prezident Administrasiyasına gediblər, burada onlara məhkəmələrə müraciət etməyi tövsiyə ediblər, belə ki, məsələ fərdi qaydada həll oluna bilər.
Quluzadənin sözlərinə görə, şəhid ailələrinin gələcək addımları Prezident Administrasiyasının təklifinin müzakirəsindən sonra müəyyən edəcəklər.
Xatırladaq ki, bu ilin yazında İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminatların ödənilməsi haqqında sərəncam imzalayıb.
Təzminatların ödənilməsinə oktyabrın 9-dan başlanılıb. Amma əksər ailələrə keçmişdə vəsait almaları bəhanəsilə təzminat ödəməkdən imtina edilib. Polis ailələrinə də təzminat verilmir. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır.
/Turan.az/