Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib
Bu gün şəhid ailələrinin üzvləri yenidən doğmalarının Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olması ilə əlaqədar onlara birdəfəlik yardımın ödənilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında toplaşıblar.Ailələrdən birinin üzvü Sevinc Quluzadə bildirib ki, etirazçıların nümayəndələri nazirliyin qəbul otağına dəvət edilib.
"Onlar bizimlə qapalı məkanda danışmaq istəyirlər. Biz nazirin özü ilə görüşmək istəyirik. Çünki buna qədər biz artıq dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısında toplaşmışıq, amma problem hələ də həll edilməyib", deyə Quluzadə bildirib.
O, şəhid ailələrinin üzvlərinin artıq təzminat aldığı barədə məlumatı təkzib edib.
"Nazirlik pulun ödənildiyini iddia edirsə, qoy sənədləri təqdim etsin. Telekanallarda pulun ödənildiyi haqqında əsassız məlumat yayılır", deyə Quluzadə bildirib.
Daha sonra etirazçıları əmək naziri Sahil Babayev qəbul edib. Görü nazirliyin akt zalında keçirilib və 40 dəqiqə davam edib. Amma iştirakçıların sözlərinə görə, görüş nəticəsiz yekunlaşıb.
"Biz yenə suallarımıza cavab tapmadıq. Biz hələ də başa düşmürük ki, Nazirlik hansı əsasla pulun ödənildiyini iddia edir. Çünki bunu təsdiq edən sənəd, bank qəbzi və s. yoxdur", deyə Quluzadə bildirib. Onun sözlərinə görə, nazir görüşü kəsərək, dövlət büdcəsi layihəsinin müzakirəsi üçün parlamentə getdiyini deyib.
Quluzadə deyib ki, indi şəhid ailələrinin üzvləri yenə Prezident Administrasiyasının qarşısında toplaşacaqlar.
Bu ilin yazında Azərbaycan prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatları zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminatların ödənilməsi haqqında sərəncam imzalayıb.
Təzminatların ödənilməsi oktyabrın 9-dan başlayıb. Amma bir çox ailələrə keçmişdə vəsait almaları bəhanəsi ilə təzminat ödənilməsindən imtina edilib. Polis ailələrinə də təzminat verilmir. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır.