Şəhid və məhbus ailələrinin dövlət orqanlarına müraciəti
AİP Qadinlar Şurasi, Əsgər Analarına Dəstək İctimai Birliyi, Qələmin Sədası Ədəbi Birliyi, Ruqəyya və Fatima heyətləri, Şəhid və inanclı məhbus ailələri ilə birlikdə Qurban Bayramı münasibətilə təşkil etdikləri tədbirdə müxtəlif mövzular müzakirə olunub.7gun.org Vetenugrunda.az-a istinadən verdiyi xəbərə görə, məclisdə daha çox "Qurban Bayramının fəlsəfəsi və ilahi hədəfləri", "Zamanımızda Qurban Bayramı", "İlahi Dərgaha yaxınlaşmaq üçün nə dərəcədə hazırıq?", "Günümüzün İbrahimləri, Həcərləri və İsmayılları" mövzuları müzakirə edilib.
Məclis Qurani-Kərimin tilavəti ilə açıq elan olunandan sonra, AİP-in sədr əvəzi hacı İlham Əliyev çıxış etdi. O, tarixdə qadınların səbir simvollarından olan və zülm qarşısında duruşun cəsur və mətanətli örnəklərindən söhbət açaraq Asiya(ə), Zeynəbi-Kübra(s.ə) və sair qadınların tarixdə qoyduğu böyük təsirdən danışdı. Həzrət Hacərin (ə) göstərdiyi səbrə və İlahi sınaq qarşısındakı tam təslimçiliyinə görə Qiyamət Gününə qədər Allah-Təalanın ona necə izzət və əzəmət verdiyini, onun xatirəsini həcc əməllərində necə yaşatdığını vurğuladı. Həzrət Zeynəbin (s.ə) Yezidin sarayındakı cəsarətli çıxışındakı izzət və əzəməti onun ilahi sınaqları canu-dildən qarşılamasına işarə olduğunu və bu gün qadınlarımıza məhz belə bir nümunələrdən örnək götürməli olduğunu vurğuladı.
Hicab şəhidi Hacı Vaqif Abdullayevin hörmətli xanımı Gülzar xanım Abdullayeva Hacının ən böyük arzusunun şəhid olmaq olduğunu və Allah-Təalanın onu öz arzusuna çatdırdığını dedi.
Hicab məhbusu Hacı Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova Qurban bayramının fəlsəfə və ilahi hədəfinin təkcə qurban kəsmək olmadığını, bunun əslində insanın öz nəfsani istəklərini qurban vermək olduğunu bildirdi: "Nəfsi qurban etməyin əsas mahiyyəti insan üçün ən gözəl olanından keçməkdir. Qurban kəsmək əslində bu fəlsəfəni çatdırmağın simvoludur".
O, həmçinin, Hacı Abgül Süleymanovun qan şəkərinin yüksək olmasına və səhhətindəki problemlərə baxmayaraq, zindanda ağır təhdidlərə məruz qaldığını və ondan böyük canilərin etməli olduğu kimi səhər saat 6-dan axşam saat 10-a qədər hər saatdan bir imza alındığını dedi. Zəhra xanım, Hacının sözlərindən bəzisini bir təbərrük kimi məclis iştirakçılarına çatdırdı. Artıq vicdan məhbuslarının öz nəfslərini bu gün qurban kəsdiklərinin tam göz önündə olduğunu, qadınların tarixdə siyasi fəaliyyətlərinin çox önəmliliyini və İslamın insana zillətdən qurtulmaq yolunu öyrətdiyini dedi. Sonda, Zəhra Süleymanova Hacı Abgül Süleymanovun və başqa dindar məhbusların səbəbsiz olaraq tez-tez və haqsız yerə karsa salınmasından və buna cəmiyyət tərəfindən mütləq və tez təpki göstərilməsinin vacib olduğunu xüsusi olaraq vurğuladı.
Daha sonra söz Ələmdar Kazımova, Xədicə Məmmədovaya, Aytəkin Camalovaya, şairə hacı Aygun xanıma, Kəklik Heydərzadəyə, Şəlalə Həsənliyə və başqa qonaqlara verildi.
Sonda məclis Şəhid və məhbus ailələri tərəfindən hazırlanmış bəyanat oxunaraq Fərəc duasıyla yekunlaşdırıldı.
Şəhid və məhbus ailələrinin birgə toplantısının
BƏYANATI
Bismilləhir Rahmənir Rahim
Azərbaycan müsəlman dünyasının bir parçası, xalqımız bu qövmün biz deyərdik ki, nümunəvi hissəsidir.
Allahsız Sovet rejimi xalqımızın qəlbindən İslam dininə, Əhli-Beytə (ə) olan məhəbbəti nəinki silə bilmədi, bəlkə əhalimiz Qurana və İslam dininə sadiqlik nümunəsinin simvolu kimi dünyada tanındı.
Təəssüflər olsun ki, Sovet imperiyasından qurtulduqdan sonra Vətən övladlarının qanı bahasına əldə etdiyimiz azadlıq və istiqlaliyyətimiz bizə güman etdiyimiz xoş güzəran, din, əqidə azadlığı vermək yerinə hal-hazırkı dövrümüzdə sıxıntı, həqarət və təhdid, hüquqlarımızın pozulması, xalqa məxsus olan büdcənin talanması hallarını yaşadır. Biz şəhid və məhbus ailələri, hətta demək olar ki, indi bütün xalqımız gündəlik həyatımızda müşahidə etdiyimiz dözülməz hallarla, cinayətlərlə, qətllərlə, intiharlarla, mənəvi aşınmalarla və müxtəlif əxlaqsızlıq nümünələri ilə üz-üzəyik. Məhz bu neqativ hallardır ki, cəmiyyətimizin geriləməsinə səbəb olur, beynəlxalq aləmdə, xüsusilə də İslam dünyasında fundamental dəyərlərimizə, mənəvi varlığımıza ağır zərbələr vurur.
Bütün bunların məsuliyyəti, hər bir vətəndaşın, bütövlükdə isə xalqımızın layiqli yaşamaq hüququnu təmin etməyi öhdəsinə götürən və buna qarant olan hakimiyyət, dövlət rəhbərliyinin öhdəsinə düşür.
Sizlər təkcə ölkəmizin iqtisadiyyatını qurmaq, sərvətini idarə etmək, xarici ölkələrlə əlaqələr yaratmaq üçün deyil, həm də vərəndaşların sosial şəraitini təmin etmək, ailələrin problemlərini öyrənib onların mənəvi və maddi ehtiyaclarını təmin etmək niyyətilə tədbirlər görmək üçün məsulsunuz.
Biz şəhid və məhbus ailələrini böyük bir problem birləşdirir: Ailə başçılarımız əqidələrinə, ölkəmizdə baş verən qanunsuzluqlara dözümsüzlük göstərərək neqativ halları kəskin tənqid etiklərinə, hədəfləri açıq göstərdiklərinə, bu amillərə qarşı çıxdıqlarına görə təhdid edilmiş, həbsə məruz qalmış, bəzilərinin isə hətta canlarına qıyılmış, şəhid edilmişlər.
Bu gün yeniyetmə və gənclərimiz və ümumiyyətlə bütün ölkə ictimaiyyəti, maddi təminatla yanaşı mənəvi dəstəyə, dinimizin bizə təlqin etdiyi vətənpərvərlik ruhiyyəsinə, milli-mənəvi dəyərlərimizin aşılanmasına ehtiyac duyur.
Bu vəzifəni və İslamın insanlar üçün əvəzsiz neməti olan təbliğatını məhz o kəslər etməlidirlər ki, indi onlar şərlənərək həbsxanalara doldurulmuşlar. Hesab edirik ki, indiki durum 20 % torpağımızı işğal etmiş düşmənlərimizin və Azərbaycanı sevməyən qüvvələrin ürəyincədir və onların xəbis işlərinə tam yarayır.
Belə hesab edirik ki, ictimai-siyasi həyatımızda baş verən neqativliklərin, haqsızlıqların, məmur özbaşınalıqlarının səbəblərini ölkəmizdə cinayətin olub cəzanın olmamasında və cəzanın olub cinayətin olmamasında axtarmaq lazımdır.
Bunu bilmək çətin deyil ki, insanların mənəvi hüquqlarının pozulması onlarda maddi sıxıntılardan daha çox qəzəb və nifrət doğurur. Xalqla hakimiyyət arasında etimadsızlıq, inamsızlıq uçurumunun yaranması da məhz burdan qaynaqlanır.
Gələcəkdə daha ağır fəsadların qarşısını almağın yolunu biz şəhid və məhbus ailələri nə Avropada, nə də hər hansı bir xarici ölkə institutlarında deyil, məhz yaşadığımız və vətəndaşı olduğumuz, inkişafı ilə fəxr edə biləcəyimiz Azərbaycanda, onun hakimiyyətində, məhkəməsində axtarmaq və görmək istəyir və tələblərimizə məsuliyyətlə yanaşmağınızı istəyirik.
Həbs olunan dindarların tezliklə azadlığa buraxılmasını, bu addımın xalqımız naminə, mənəvi aşınmaların bərpası baxımından zəruri olmasını diqqətinizə çatdırırıq. Bunun nə qədər vacib və önəmli olmasını bilmək üçün dünya xalqlarının tarixinə, xüsusən də İslam dininin dəyərlərinə söykənərək azadlıq və istiqlaliyyətinə nail olan dövlətlərin keçmişinə baxıb bundan nəticə hasil etmək kifayətdir.
Bəyanatın göndəriləcəyi dövlət orqanları:
Azərbaycan Respublikasının prezidentinə,
Surəti:
Azərbaycan Respublikası Milli Məclisinə;
Ombudsman Aparatının sədri Elmira Süleymanovaya,
Daxili İşlər Nazirliyinə,
Ədliyyə Nazirliyinə