Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


7gun.org-ın məlumatına görə, təbrikdə deyilir:

"Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər". təbrikdə deyilir.

İlham Əliyev qeyd edir ki, bayram günləri Azərbaycan müsəlmanları imkansızlara və ehtiyacı olanlara yardımlar edir, şəhidlərin nurlu xatirəsi ehtiramla yad olunur.

"Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir", təbrikdə qeyd edilir.

Qurban bayramı Azərbaycanda dövlət bayramları sırasına daxildir. Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günüdür.