Prezident İlham Əliyev fərman imzalayıb


Sentyabrın 12-də prezident İlham Əliyev "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları haqqında" fərman imzalayıb.

Sənəd kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən - Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.

Bundan əlavə Sosial Xidmətlər Vahid İnformasiya Sistemi və Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi yaradılacaq.

Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ni təşkil etsin və aparılmasını təmin etsin. /Turan.az/