Kəmaləddin Qafarovun adı MOM-la birgə 43 milyonluq tender qalmaqalında-VİDEO
Milli Onkologiya Mərkəzinin (MOM) rəhbərliyinin tender qanunvericiliyini pozduğu iddia olunur.
7gun.org xəbər verir ki, bu barədə "Turan” informasiya agentliyi araşdırma yazı yayıb.
Məlumatda bildirilir ki, Milli Onkologiya Mərkəzi (MOM) avqustun 3-də "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb.
Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.
Bu ilin yanvarından MOM "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir.
Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır.
Bu il MOM və "Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb.
"Azeuronews" xəbər verir ki, "Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur.
Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
"Azeri Med” MMC (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin "Kanon” MMC, "Mega Pharmacy” MMC, "Azeri Med MNK” MMC, "Versal” MMC, "Versal Palace” MMC, "Naturalist” firmasına nəzarət edir.
Bir müddət əvvəl də deputat K.Qafarovun fəaliyyətini sosial şəbəkələrdə vətəndaşlar da tənqid etmişdi: https://azeuronews.com/?p=87235
Milli Onkologiya Mərkəzində rüşvətalma, daha doğrusu, boğa-boğa soyulma hallarını anaxeber.az diqqətə çatdırmışdı:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2.Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.
Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.
Tenderlə bağlı deputatdan açıqlama almaq və "Turan”ın yazdıqlarına münasibət öyrənmək mümkün olmayıb.