Prezident İlham Əliyev sərəncam imzalayıb


Prezident İlham Əliyev oktyabrın 3-də "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.

Sərəncamla Dövlət Turizm Agentliyinə tapşırılıb ki, "Basqal" Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb prezidentə təqdim etsin.

Agentlik həmçinin qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini də hazırlayıb, prezidentə təqdim etməlidir.

Qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər hazırlaması da agentliyə həvalə edilib.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Sərəncamda yazılır ki, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına və digər işlərə ehtiyac var.

Prezident İlham Əliyev sentyabrın 26-da Qızılağac Milli Parkının yaradılması haqda sərəncam imzalamışdı.

Sənədə görə, bu, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır.

Qızılağac Milli Parkının Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılması planlaşdırılır.

/Turan.az/