"Bizim gələcəyimizlə bağlı heç bir narahatlıq yoxdur" - İ.Əliyev



Dünyada Azərbaycana təsir göstərməyə çalışan xarici qüvvələr az deyil. Lakin siyasi iradə və iqtisadi potensial Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəkməyə imkan vermir. Dövlət başçısının saytının məlumatına görə, bu barədə prezident İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində bildirib.


Söhbətin məhz hansı xarici qüvvələrdən getdiyini dəqiqləşdirməyən dövlət başçısı qeyd edib ki, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır.

Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələri var.

"Bizim gələcəyimizlə bağlı heç bir narahatlıq yoxdur", - İ.Əliyev qeyd edib. /Turan.az/