Baş Prokurorluq və DİN əməkdaşları Qazaxa ezam olundu: həbs olunan var -RƏSMİ


Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətləri Qazax rayon sakininin ölümü ilə bağlı birgə açıqlama yayıb.

7gun.org xəbər verir ki, "Report"un məlumatına görə, açıqlamada bildirilib ki, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında, dərhal rayon Prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, E.Axundovun anası sentyabrın 24-də rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyülməsini bildirib. Müraciət əsasında E.Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib.

Eyni zamanda qeyd edilən tarixdə K.Əhmədov da rayon Polis şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon Polis şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım xidmətinə müraciət olunub, həkim briqadası rayon Polis şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunub.

K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.