"Əlizamin Salayevin səhhətində problemlər var"-Cavad Cavadov


AXCP fəalı Əlizamin Salayev yanvarın 15-də saxlanılıb. Bundan sonra Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsində zorakılığa məruz qalıb.

7gun.org-ın məlumatına görə AXCP-dən Turan-a bildiriblər ki, fəalın döyülməsi videokameraya çəkilib. “Elə bir vəziyyətdə idi ki, onu inzibati qaydada həbs olunanların saxlama məntəqəsində də qəbul etmək istəməyiblər”, - partiya nümayəndəsi bildirib.

Zorakılıq izlərinə görə yanvarın 21-də Ə.Salayevə atası ilə görüş verilməyib. AXCP-də güman edirlər ki, 30 günlük inzibati cəzanın sonunda fəala qarşı cinayət işi açılacaq.

“Əlizamin Salayevin səhhətində problemlər var və mən müvafiq orqanlara müraciət etdim”, - yanvarın 22-də ona baş çəkmiş vəkil Cavad Cavadov Turan-a bildirib.

O, birinci instansiya məhkəməsinin qərarından şikayət edəcəyini deyib.

Öz növbəsində DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Ə.Salayevin polisdə döyülməsi barədə iddiaları təkzib edib. E.Zahidovun sözlərinə görə, Ə.Salayev sərxoş halda ictimai qaydanı pozduğuna və polis əməkdaşlarına tabe olmadığına görə saxlanılıb.

E.Zahidov Ə.Salayevin barəsində cinayət işinin açılmasının mümkünlüyünə dair fikirləri şərh etməyib.

Qeyd edək ki, Ə.Salayev Salyan rayonunda polis əməkdaşları haqqda mənfi məzmunlu video yaydıqdan bir neçə gün sonra saxlanılıb.