Gənc fəal Rafael Hüseynov yenə saxlanılıb


Gənc fəal Rafael Hüseynov inzibati həbsdən azad edildikdən 4 gün sonra yenidən saxlanılıb. Bu barədə Turan-a onun atası, AXCP fəalı Füzuli Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, R.Hüseynov 30 sutkalıq inzibati həbsdən sonra fevralın 24-də azadlığa çıxıb.

Fevralın 28-də axşama yaxın üç nəfər mülki geyimli şəxs onun evinə gəlib. Onlardan biri özünü Mehdiabad qəsəbəsi polis bölməsinin əməliyyat müvəkkili kimi təqdim edib. Onlar deyiblər ki, Rafael ilə "söhbət etməlidirlər".

"Oğlum evdə yox idi. Bir saatdan sonra sonra Rafael gəldi və biləndə ki, onu axtarırlar, özü polisə getdi. Bu, axşam saat 20:00-a yaxın baş verib. O vaxtdan heç bir məlumat yoxdur. Dünən gözlədik ki, bəlkə qayıdar. Polis heç bir informasiya vermir", - fəalın atası deyib.

Xatırladaq ki, Rafael Hüseynov yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirdiyinə görə saxlanılmışdı.