İctimai fəal 30 sutka həbsə məhkum edilib
Abşeron rayon Məhkəməsi sentyabrın 3-də ictimai fəal Rafael Hüseynzadəni 30 sutka inzibati həbsə məhkum edib. 7gun.org xəbər verir ki, bu barədə Turan-a onun atası, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov bildirib.Gənci polis Abşeron rayon polis idarəsinin qarşısında "səs-küy salaraq" ictimai qaydanı pozmaqda ittiham ediblər.
F.Hüseynov oğlunun Abşeron rayon Polis İdarəsinin saxlanma yerində saxlanıldığını deyib. Amma, onun sözlərinə görə, orada uzun müddət saxlanılma üçün şərait yoxdur.
F.Hüseynovun fikrincə, oğlunun həbsinə avqustun sonlarında Bakının Nəsimi rayonunda təkbaşına aksiya keçirməsi səbəb olub.
Gənc polis süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz edib.
"Oğlum bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O, polisə şikayət edib. Şikayətinə baxılmayıb. Avqustun sonlarında Rafael etiraz aksiyası keçirdikdən sonra, sentyabrın 2-də sahə müvəkkili onu zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Rafael polisə gəldikdə saxlanılıb və məhkəməyə aparılıb, barəsində inzibati həbs qərarı verilib", deyə F.Hüseynov bildirib.
O, oğlunun konkret olaraq nədə ittiham olunduğunu bilmir. Polis idarəsindən ona yalnız oğlunun 30 günlük həbs edildiyini bildiriblər.
F.Hüseynov yaxın günlərdə oğluna baş çəkmək və məsələnin təfsilatını aydınlaşdırmaq niyyətindədir.
Yanvarın 25-də və martın 2-də R.Hüseynzadə artıq 30 günlük inzibati həbsə məhkum edilib. O, yanvarın 25-də Bakının mərkəzində siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirdiyinə görə saxlanıldığını və 30 günlük həbs edildiyini hesab edir.
Azad edildikdən bir neçə gün sonra onu yenidən 30 gün müddətinə həbs ediblər.
F.Hüseynov özü də təkbaşına piketlər keçirdiyinə görə bir neçə dəfə saxlanılıb və həbs edilib.