Ədliyyə naziri ilə Ali Məhkəmə sədrinin istefası tələb olunur


Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı artıq iki həftədir cəmiyyətdə geniş müzakirələrə olub.

Dövlət başçısının məlum Fərmanına münasibət bildirən hüquqşünaslar və məhkəmə sistemindəki mövcud nöqsanlardan əziyyət çəkən vətəndaşlar bu addımı yüksək qiymətləndirərək, məhkəmə-hüquq sistemində pozitiv dəyişikliklərin tezliklə gerçəkləşməsini gözləyirlər.

Bununla belə, Ədliyyə Nazirliyi, həmçinin cəmiyyətdə kifayət qədər mənfi reputasiyaya malik olan yüksək məhkəmə instansiyalarının hazırki rəhbərlərinin vəzifə səlahiyyətlərini davam etdirdikləri müddətdə islahatların müsbət nəticə verəcəyinə inanmayanlar da az deyil.

Tanınmış hüquqşünas Aslan İsmayılov da ölkənin ədliyyə sisteminin hazırki rəhbərliyi ilə hər hansı islahatın aparılmasını mümkün saymır.

Aslan İsmayılov Yenicag.az-a deyib ki, ölkənin məhkəmə sisteminin mövcud acınacaqlı vəziyyətə düşməsinə görə məsuliyyət daşıyan bütün yüksək vəzifəli məmurlar vəzifədən uzaqlaşdırılmalıdır:

“Mən, əlbəttə, hamı kimi prezidentin məhkəmə islahatları haqqında fərmanını dəstəkləyirəm. Amma bununla belə, bildirirəm ki, həmin fərmanda da qeyd olunduğu kimi, iyirmi ildir, bu rüşvətxor, korrupsioner, kriminal məhkəmə sistemini yaradan ədliyyə naziri, Məhkəmə-hüquq Şurasının sədri Fikrət Məmmədovun və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılığı ilə heç bir islahatdan söhbət gedə bilməz.

Ramiz Rzayev tək Ali Məhkəməyə cavabdehdir, bütün məhkəmə sistemini, o cümlədən, Ali Məhkəməni də formalaşdıran məhz Fikrət Məmmədovdur. Bunu bilməyən var? Bilmirsizsə, mən bilən şəxs kimi bunu dəqiq deyirəm. Təbii ki, bu məsələdə Ramiz Rzayevin də rolu var. O ikisinin vəzifədə olduğu müddətdə heç bir islahatdan söhbət gedə bilməz”.

A. İsmayılov qeyd edib ki, əgər həqiqətən, islahat istəyirlərsə, onda F. Məmmədov və R. Rzayev dərhal vəzifədən azad olunmalıdır.//Reytinq.az//